Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next
Chapter 10
I Sa Northern 10:1  Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi?
I Sa Northern 10:2  Bu gün məndən ayrılandan sonra Binyamin torpağında, Selsahda olan Rəhilənin məzarı yanında iki adama rast gələcəksən və onlar sənə deyəcək: “Axtarmağa getdiyin eşşəklər tapılıb. Artıq atan eşşəkləri unudub sizin dərdinizi çəkərək deyir: ‹Oğluma görə nə edim?›”
I Sa Northern 10:3  Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq.
I Sa Northern 10:4  Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan.
I Sa Northern 10:5  Bundan sonra Filişt keşik dəstəsinin olduğu yerə – Giveat-Elohimə çatacaqsan. Şəhərə girən zaman orada səcdəgahdan enən bir peyğəmbər dəstəsinə rast gələcəksən. Onların qarşılarında çəng, dəf, ney, lira çalınacaq və onlar peyğəmbərlik edəcək.
I Sa Northern 10:6  Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan.
I Sa Northern 10:7  Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir.
I Sa Northern 10:8  Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözləməli olacaqsan».
I Sa Northern 10:9  Şaul Şamuelin yanından yola düşmək üçün çevriləndə Allah onun ürəyini dəyişdirdi və bütün bu əlamətlər o gün yerinə yetdi.
I Sa Northern 10:10  Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı.
I Sa Northern 10:11  Əvvəldən onu tanıyan camaatın hamısı onun peyğəmbərlik etdiyini görəndə bir-birinə belə dedi: «Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?»
I Sa Northern 10:12  Bir adam cavab verib dedi: «Görün onların atası kimdir?» Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» sözü məsələ çevrildi.
I Sa Northern 10:13  Şaul peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı.
I Sa Northern 10:14  Şaulun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» Şaul dedi: «Eşşəkləri axtarmağa getmişdik, amma gördük ki, tapa bilmirik, ona görə də Şamuelin yanına getdik».
I Sa Northern 10:15  Şaulun əmisi dedi: «Rica edirəm, Şamuelin sənə nə dediyini mənə danış».
I Sa Northern 10:16  Şaul əmisinə dedi: «Eşşəklərin tapıldığını bizə aydın bildirdi». Lakin padşahlıq haqqında Şamuelin sözünü əmisinə danışmadı.
I Sa Northern 10:17  Şamuel xalqı Rəbbin önünə – Mispaya çağırdı.
I Sa Northern 10:18  O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün padşahlıqların əlindən sizi Mən azad etdim”.
I Sa Northern 10:19  Lakin bəlalarınızdan və müsibətlərinizdən sizi qurtaran Allahınızı bu gün rədd etdiniz və Ona “üzərimizə bir padşah qoy” dediniz. İndi isə qəbilələrinizə və nəsillərinizə görə Rəbbin hüzurunda durun».
I Sa Northern 10:20  Şamuel İsrailin bütün qəbilələrini bir-bir qabağa çıxartdı, Binyamin qəbiləsi püşk ilə seçildi.
I Sa Northern 10:21  Sonra Binyamin qəbiləsini nəsilbənəsil qabağa çıxartdı. Püşk Matri nəslinə düşdü. Nəhayət Qiş oğlu Şaul seçildi. Lakin onu axtarıb tapa bilmədilər.
I Sa Northern 10:22  Yenə Rəbdən soruşdular: «O buraya hələ gəlməyibmi?» Rəbb dedi: «Odur, yüklərin arasında gizlənib».
I Sa Northern 10:23  Qaçıb Şaulu oradan gətirdilər. Xalq arasında duran zaman Şaul xalqın hamısından bir çiyin hündür görünürdü.
I Sa Northern 10:24  Şamuel bütün xalqa dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» O zaman xalq bir səslə qışqırıb dedi: «Yaşasın padşah!»
I Sa Northern 10:25  Şamuel padşahlıq qaydalarını xalqa söylədi və kitaba yazıb Rəbbin önünə qoydu. Sonra Şamuel bütün xalqı evinə göndərdi.
I Sa Northern 10:26  Şaul da Giveaya, öz evinə qayıtdı və qəlblərində Allahın oyanış yaratdığı igidlər onunla bərabər getdilər.
I Sa Northern 10:27  Bəzi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu.