Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next
Chapter 28
I Sa Northern 28:1  Həmin dövrdə İsrailə qarşı döyüşmək üçün Filiştlilər ordularını döyüşə yığdılar. Akiş Davuda dedi: «Bunu yaxşı bil ki, sən və adamların mənimlə bir orduda döyüşəcəksiniz».
I Sa Northern 28:2  Davud Akişə dedi: «Əla! Sən qulunun nə edəcəyini görəcəksən». Akiş Davuda dedi: «Çox yaxşı, mən səni həmişə özümə mühafizəçi qoyacağam».
I Sa Northern 28:3  Şamuel ölmüşdü və bütün İsrail onun üçün yas tutmuşdu. Onu Ramada – öz şəhərində dəfn etmişdilər. Şaul isə bütün cindarları və ruhçağıranları ölkədən qovmuşdu.
I Sa Northern 28:4  Filiştlilər yığılaraq gəlib Şunemdə ordugah qurdular. Şaul bütün İsraili yığıb Gilboa dağında ordugah qurdu.
I Sa Northern 28:5  Şaul Filişt ordugahını görəndə qorxudan ürəyi əsdi.
I Sa Northern 28:6  O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.
I Sa Northern 28:7  Şaul əyanlarına dedi: «Mənim üçün bir cindar qadın tapın ki, gedib ona müraciət edim». Əyanları ona dedilər: «Bax En-Dorda bir cindar qadın var».
I Sa Northern 28:8  Şaul zahiri görkəmini dəyişdirdi, başqa paltar geyinib, iki nəfərlə bərabər oraya getdi və gecə ikən qadının yanına gəlib çatdı. Şaul dedi: «Rica edirəm, mənim falıma baxıb cindarlığını göstər və kimi desəm, onu mənim üçün çıxar».
I Sa Northern 28:9  Qadın dedi: «Bax Şaulun bu ölkədə nə etdiyini, cindarları və ruhçağıranları necə qırdığını bilirsən. Niyə məni öldürmək üçün canıma tələ qurursan?»
I Sa Northern 28:10  Şaul qadına «var olan Rəbbə and olsun, bu işin sənə bir ziyanı olmayacaq» deyərək Rəbbə and içdi.
I Sa Northern 28:11  Qadın dedi: «Sənin üçün kimi çıxarım?» Şaul «mənə Şamueli çıxar» dedi.
I Sa Northern 28:12  Qadın Şamueli görüncə bərkdən çığırıb Şaula dedi: «Sən ki Şaulsan, niyə məni aldatdın?»
I Sa Northern 28:13  Padşah ona dedi: «Qorxma, de görüm, nə görürsən?» Qadın Şaula dedi: «Yer altından çıxan allahlar kimi bir şəxs görürəm».
I Sa Northern 28:14  Şaul dedi: «O kimə oxşayır?» Qadın dedi: «Cübbə geyinmiş qoca bir adam çıxır». Şaul onun Şamuel olduğunu başa düşüb üzüstə əyilib yerə sərildi.
I Sa Northern 28:15  Şamuel Şaula dedi: «Məni çıxararaq niyə narahat etdin?» Şaul dedi: «Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki, nə etməliyəmsə, onu mənə bildirəsən».
I Sa Northern 28:16  Şamuel dedi: «Əgər Rəbb səndən üz döndəribsə, demək O sənə düşmən olmuşdur. Belə halda bunu niyə məndən soruşursan?
I Sa Northern 28:17  Rəbb mənim vasitəmlə söylədiyini etdi və padşahlığı sənin əlindən qoparıb onu sənin yaxının Davuda verdi.
I Sa Northern 28:18  Sən Rəbbin sözünə baxmadığın və Onun qızğın qəzəbini Amaleqlilərin üstünə gətirmədiyin üçün bu gün O səni bu hala salıb.
I Sa Northern 28:19  Rəbb səninlə bərabər İsraili də Filiştlilərə təslim edəcək və sabah sən və oğulların mənimlə bərabər olacaqsınız, çünki Rəbb İsrail ordusunu da Filiştlilərə təslim edəcək».
I Sa Northern 28:20  Şaul o zaman tir-tap yerə sərildi. Ona görə ki Şamuelin sözlərindən çox qorxmuşdu, həm də onda taqət qalmamışdı, çünki bütün günü və gecəni çörək yeməmişdi.
I Sa Northern 28:21  Qadın Şaulun yanına gəldi və onu sarsılmış halda gördükdə dedi: «Bax kənizin sənin sözünə itaət etdi. Canımı dişimə tutub mənə dediyin sözlərə qulaq asdım.
I Sa Northern 28:22  Rica edirəm, indi kənizinin sözünə qulaq as və qabağına bir tikə çörək qoyum, onu ye ki, yola düşəndə qüvvən olsun».
I Sa Northern 28:23  Lakin Şaul bunu rədd edib «yemirəm» dedi. Amma əyanları da qadınla bərabər onu məcbur etdikdə Şaul onların sözünə qulaq asdı və yerdən qalxıb yatağın üstündə oturdu.
I Sa Northern 28:24  Qadının evində kökəldilmiş bir dana var idi. Tez onu kəsdi və un götürüb yoğurdu, ondan mayasız çörək bişirdi.
I Sa Northern 28:25  Sonra onu Şaulla əyanlarının qarşısına qoydu. Onlar yeyib ayağa qalxdılar və həmin gecə də durub getdilər.