Site uses cookies to provide basic functionality.

OK
II CHRONICLES
Prev Up Next
Chapter 18
II C Northern 18:1  Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu.
II C Northern 18:2  Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi.
II C Northern 18:3  İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq».
II C Northern 18:4  Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»
II C Northern 18:5  İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək».
II C Northern 18:6  Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»
II C Northern 18:7  İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».
II C Northern 18:8  İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».
II C Northern 18:9  İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi.
II C Northern 18:10  Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».
II C Northern 18:11  Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
II C Northern 18:12  Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».
II C Northern 18:13  Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm».
II C Northern 18:14  O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək».
II C Northern 18:15  Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»
II C Northern 18:16  Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».
II C Northern 18:17  İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»
II C Northern 18:18  Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.
II C Northern 18:19  Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.
II C Northern 18:20  Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”
II C Northern 18:21  O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”».
II C Northern 18:22  Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».
II C Northern 18:23  Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?»
II C Northern 18:24  Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».
II C Northern 18:25  İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin.
II C Northern 18:26  Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».
II C Northern 18:27  Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»
II C Northern 18:28  İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi.
II C Northern 18:29  İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.
II C Northern 18:30  Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.
II C Northern 18:31  Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi.
II C Northern 18:32  Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar.
II C Northern 18:33  Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam».
II C Northern 18:34  O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.