Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Prev Up Next Toggle notes
Chapter 7
Deut Northern 7:1  Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq.
Deut Northern 7:2  Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin.
Deut Northern 7:3  Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın.
Deut Northern 7:4  Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək.
Deut Northern 7:5  Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın.
Deut Northern 7:6  Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.
Deut Northern 7:7  Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.
Deut Northern 7:8  Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.
Deut Northern 7:9  Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
Deut Northern 7:10  Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək.
Deut Northern 7:11  Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin.
Deut Northern 7:12  Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək.
Deut Northern 7:13  O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək.
Deut Northern 7:14  O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq.
Deut Northern 7:15  Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək.
Deut Northern 7:16  Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar.
Deut Northern 7:17  Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik?
Deut Northern 7:18  Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın.
Deut Northern 7:19  Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq.
Deut Northern 7:20  Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək.
Deut Northern 7:21  Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır.
Deut Northern 7:22  Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar.
Deut Northern 7:23  Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək.
Deut Northern 7:24  Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək.
Deut Northern 7:25  Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir.
Deut Northern 7:26  Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub.