Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next
Chapter 2
Exod Northern 2:1  O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı.
Exod Northern 2:2  O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi.
Exod Northern 2:3  Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu.
Exod Northern 2:4  Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.
Exod Northern 2:5  Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi.
Exod Northern 2:6  Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır».
Exod Northern 2:7  Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?»
Exod Northern 2:8  Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı.
Exod Northern 2:9  Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi.
Exod Northern 2:10  Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum».
Exod Northern 2:11  Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü.
Exod Northern 2:12  Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi.
Exod Northern 2:13  Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?»
Exod Northern 2:14  O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər».
Exod Northern 2:15  Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu.
Exod Northern 2:16  Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular.
Exod Northern 2:17  O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi.
Exod Northern 2:18  Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?»
Exod Northern 2:19  Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi».
Exod Northern 2:20  O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin».
Exod Northern 2:21  Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi.
Exod Northern 2:22  Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».
Exod Northern 2:23  Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı.
Exod Northern 2:24  Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı.
Exod Northern 2:25  Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı.