Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 40
Gene Northern 40:1  Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.
Gene Northern 40:2  Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi
Gene Northern 40:3  və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.
Gene Northern 40:4  Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.
Gene Northern 40:5  Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.
Gene Northern 40:6  Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.
Gene Northern 40:7  Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?»
Gene Northern 40:8  Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».
Gene Northern 40:9  Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.
Gene Northern 40:10  Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.
Gene Northern 40:11  Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».
Gene Northern 40:12  Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.
Gene Northern 40:13  Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən.
Gene Northern 40:14  Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart.
Gene Northern 40:15  Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».
Gene Northern 40:16  Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var.
Gene Northern 40:17  Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».
Gene Northern 40:18  Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür.
Gene Northern 40:19  Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».
Gene Northern 40:20  Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı.
Gene Northern 40:21  Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi,
Gene Northern 40:22  baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu.
Gene Northern 40:23  Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.