Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Prev Up Next Toggle notes
Chapter 11
Deut Northern 11:1  Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin.
Deut Northern 11:2  Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu,
Deut Northern 11:3  Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri,
Deut Northern 11:4  Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini
Deut Northern 11:5  və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini,
Deut Northern 11:6  Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu.
Deut Northern 11:7  Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz.
Deut Northern 11:8  Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz.
Deut Northern 11:9  Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz.
Deut Northern 11:10  Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız.
Deut Northern 11:11  Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər.
Deut Northern 11:12  Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.
Deut Northern 11:13  Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz,
Deut Northern 11:14  o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız.
Deut Northern 11:15  Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”.
Deut Northern 11:16  Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin.
Deut Northern 11:17  Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.
Deut Northern 11:18  Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın,
Deut Northern 11:19  övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın.
Deut Northern 11:20  Onları evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın.
Deut Northern 11:21  Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.
Deut Northern 11:22  Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız,
Deut Northern 11:23  onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız.
Deut Northern 11:24  Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq.
Deut Northern 11:25  Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.
Deut Northern 11:26  Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram.
Deut Northern 11:27  Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız.
Deut Northern 11:28  Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız.
Deut Northern 11:29  Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız.
Deut Northern 11:30  Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır.
Deut Northern 11:31  Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə
Deut Northern 11:32  bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.