Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 46
Isai Northern 46:1  «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.
Isai Northern 46:2  Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
Isai Northern 46:3  Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.
Isai Northern 46:4  Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
Isai Northern 46:5  Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
Isai Northern 46:6  Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir!
Isai Northern 46:7  Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır.
Isai Northern 46:8  Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın!
Isai Northern 46:9  Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!
Isai Northern 46:10  Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
Isai Northern 46:11  Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
Isai Northern 46:12  Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!
Isai Northern 46:13  Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.