Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 30
Isai Northern 30:1  Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar.
Isai Northern 30:2  Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar.
Isai Northern 30:3  Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək.
Isai Northern 30:4  Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,
Isai Northern 30:5  Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq».
Isai Northern 30:6  Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar.
Isai Northern 30:7  Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum.
Isai Northern 30:8  «İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun.
Isai Northern 30:9  Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.
Isai Northern 30:10  Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin.
Isai Northern 30:11  Yoldan çəkilin, bizə yol verin, İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər».
Isai Northern 30:12  Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə
Isai Northern 30:13  Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər.
Isai Northern 30:14  Ölkəniz də bir gil qab kimi qırılacaq, Elə xıncım-xıncım olacaq ki, Ocaqdan od götürmək üçün Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq».
Isai Northern 30:15  Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.
Isai Northern 30:16  Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq.
Isai Northern 30:17  Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq».
Isai Northern 30:18  Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır!
Isai Northern 30:19  Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək.
Isai Northern 30:20  Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz.
Isai Northern 30:21  Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Isai Northern 30:22  Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!»
Isai Northern 30:23  Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.
Isai Northern 30:24  Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.
Isai Northern 30:25  O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq.
Isai Northern 30:26  Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq.
Isai Northern 30:27  Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur.
Isai Northern 30:28  Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.
Isai Northern 30:29  Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq.
Isai Northern 30:30  Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək.
Isai Northern 30:31  Aşşur Rəbbin səsindən vahiməyə gələcək, Rəbb dəyənəyi ilə onları vuracaq.
Isai Northern 30:32  Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq.
Isai Northern 30:33  Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.