Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 44
Isai Northern 44:1  İndi isə, ey qulum Yaqub nəsli, Seçdiyim İsrail, qulaq as!
Isai Northern 44:2  Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun!
Isai Northern 44:3  Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm.
Isai Northern 44:4  Onlar otlar arasında, Axar sular kənarında, Söyüd ağacları kimi boy atacaq.
Isai Northern 44:5  Biri ‹Mən Rəbbinəm› deyəcək, O birisi Yaqubun adı ilə çağırılacaq. Digəri də əlinə ‹Rəbbin quluyam› deyə yazacaq, İsrail adını üzərinə götürəcək”».
Isai Northern 44:6  Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur.
Isai Northern 44:7  Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin!
Isai Northern 44:8  Qorxmayın, dəhşətə gəlməyin, Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı? Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur. O birilərini tanımıram».
Isai Northern 44:9  Bütləri düzəldən adamlar puçdur, Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur. Bütlərə qulluq edənlər heç bir şey görmür, Heç bir şey bilmir, Onlar axırda xəcalət içində olacaq.
Isai Northern 44:10  Kim istəyər fayda verməyən allah düzəltsin, Tökmə büt yaratsın?
Isai Northern 44:11  Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, Dəhşətə düşüb birlikdə xəcalət çəksin.
Isai Northern 44:12  Dəmirçi alətini götürüb, Kömürün odunda işləyir, Çəkiclə dəmirə ölçü verir, Güclü əli ilə üstündə çalışır. Onda ac qalır, taqətdən düşür, Susuz qalıb üzülür.
Isai Northern 44:13  Dülgər iplə ölçür, Ağacı tabaşirlə nişanlayır, Rəndələyir, istənilən şəklə salır, Pərgarla dairə çəkir, İnsan surəti verir, İnsan gözəlliyinə bənzər düzəldərək Evinə qoymaq üçün bir büt yaradır.
Isai Northern 44:14  İnsan özü üçün sidr ağacları kəsir, Şam ağacını, palıd ağacını seçir. Meşədə özü üçün bir ağac götürür, Küknar ağacı əkir və yağış onu böyüdür.
Isai Northern 44:15  Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, Həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir allah düzəldir, Düzəltdiyi bütün qarşısında səcdə edir, Yerə sərilir.
Isai Northern 44:16  Odunun bir hissəsini yandırır, Alovunda ət qızardır, Qarnını doyuraraq, isinib deyir: «Ah, isindim, odun istisini hiss etdim!»
Isai Northern 44:17  Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!»
Isai Northern 44:18  Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar.
Isai Northern 44:19  Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi?
Isai Northern 44:20  Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»
Isai Northern 44:21  «Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail!
Isai Northern 44:22  Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
Isai Northern 44:23  Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi.
Isai Northern 44:24  Səni Satınalan, Ana bətnində quruluş verən Rəbb deyir: «Bütün şeyləri yaradan, göyləri təkcə yayan, Təkbaşına yer üzünü sərən,
Isai Northern 44:25  Yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran, Falçıları ifşa edən, Müdrikləri geri qaytaran, Onların biliyini heçə çevirən,
Isai Northern 44:26  Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.
Isai Northern 44:27  Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən,
Isai Northern 44:28  Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm».