Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 65
Isai Northern 65:1  «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımla çağırılmayan millətə dedim: “Buradayam! Buradayam!”
Isai Northern 65:2  Pis yolla gedən, Öz düşüncələri ilə hərəkət edən Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.
Isai Northern 65:3  O xalq ki bağlarda qurban kəsərək, Kərpiclərin üstündə buxur yandırıb Gözüm önündə daima Məni təhqir edir,
Isai Northern 65:4  Qəbiristanlıqda oturub Gizli yerlərdə gecələyir, Donuz əti yeyir, Qablarında haram ət qaynadır.
Isai Northern 65:5  Onlar bir-birinə deyir: “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”. Belələri burnuma tüstü, Bütün gün yanan alovdur.
Isai Northern 65:6  Budur, qarşımda bunlar yazılıb: Mən susmayacağam, Ancaq onların əvəzini verəcəyəm, Əməllərini başlarına çevirəcəyəm.
Isai Northern 65:7  Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».
Isai Northern 65:8  Rəbb deyir: «Üzüm salxımında şirə tapıldığına görə deyirlər: “Salxımı xarab etməyin, içində bərəkət var”. Mən də qullarımın xatirinə belə edərəm ki, Onların hamısı məhv olmasın.
Isai Northern 65:9  Yaqubdan törəyənlərin sayını artıracağam, Yəhuda nəslindən dağlarıma varis çıxacaq, Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq.
Isai Northern 65:10  Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.
Isai Northern 65:11  Lakin sizlər – Rəbbi tərk edənlər, Müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər,
Isai Northern 65:12  Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz».
Isai Northern 65:13  Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız.
Isai Northern 65:14  Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, Sizsə ürək ağrısından qışqıracaqsınız, Kədərli ruhla fəryad edəcəksiniz.
Isai Northern 65:15  Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək.
Isai Northern 65:16  Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq.
Isai Northern 65:17  Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.
Isai Northern 65:18  Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, Sakinlərini xoşbəxtlik üçün yaradacağam.
Isai Northern 65:19  Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək.
Isai Northern 65:20  Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq.
Isai Northern 65:21  Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.
Isai Northern 65:22  Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.
Isai Northern 65:23  Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq.
Isai Northern 65:24  Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.
Isai Northern 65:25  Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir.