Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 19
Isai Northern 19:1  Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir.
Isai Northern 19:2  Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
Isai Northern 19:3  Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək.
Isai Northern 19:4  Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
Isai Northern 19:5  Nilin suları azalacaq, Çay çəkilib quruyacaq.
Isai Northern 19:6  Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək.
Isai Northern 19:7  Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
Isai Northern 19:8  Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək.
Isai Northern 19:9  İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək.
Isai Northern 19:10  Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək.
Isai Northern 19:11  Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər?
Isai Northern 19:12  Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
Isai Northern 19:13  Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
Isai Northern 19:14  Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.
Isai Northern 19:15  Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
Isai Northern 19:16  O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
Isai Northern 19:17  Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
Isai Northern 19:18  O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq.
Isai Northern 19:19  O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
Isai Northern 19:20  Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
Isai Northern 19:21  Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
Isai Northern 19:22  Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
Isai Northern 19:23  O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
Isai Northern 19:24  O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.
Isai Northern 19:25  Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».