Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 66
Isai Northern 66:1  Rəbb belə deyir: «Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq?
Isai Northern 66:2  Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.
Isai Northern 66:3  Buğa kəsən şəxs adam öldürən kimidir, Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir, Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir, Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir. Onlar öz yolları ilə gedir, İyrənc işlərindən həzz alır.
Isai Northern 66:4  Mən də onları çətinliyə düçar edəcəyəm, Qorxduqları bəlanı başlarına gətirəcəyəm. Çünki Mən çağıranda onlardan cavab almadım, Danışanda qulaq asmadılar, Gözümdə pis olanı etdilər, Mənə məqbul olmayanı seçdilər».
Isai Northern 66:5  Ey Rəbbin sözü önündə titrəyənlər, Onun dediklərini eşidin: «Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız “Qoy Rəbb izzətini göstərsin, Biz də görək, necə sevinərsiniz” deyirdilər. Amma onlar rüsvay olacaq.
Isai Northern 66:6  Şəhərdən nərələr, Məbəddən bir səs eşidilir! Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.
Isai Northern 66:7  Bir qadın ağrı çəkmədən, Sancısı tutmadan bir oğlan uşağı doğdu.
Isai Northern 66:8  Belə bir şey eşidən olubmu? Belə şeyləri kim görüb? Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
Isai Northern 66:9  Mən doğuş anınadək gətirib Doğmağa güc vermərəmmi?» deyir Rəbb. «Doğuş üçün güc verən Mən Bətni bağlayarammı?» deyir Allahın.
Isai Northern 66:10  «Yerusəlimlə birgə sevinin, Ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, Onunla birgə cuşa gəlin, fərəhlənin!
Isai Northern 66:11  Siz ananız Yerusəlimin döşlərini əmib Təsəlli tapacaqsınız, doyacaqsınız, Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».
Isai Northern 66:12  Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, Millətlərin sərvətini daşqın sel kimi Ona sarı axıdacağam. Siz ondan bəslənəcəksiniz, Qucağında daşınacaqsınız, Dizlərində oxşanacaqsınız.
Isai Northern 66:13  Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız.
Isai Northern 66:14  Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir».
Isai Northern 66:15  Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır.
Isai Northern 66:16  Rəbb bütün bəşəri odla, Qılıncı ilə mühakimə edəcək, Çoxlarını məhv edəcək.
Isai Northern 66:17  «Bağlara girmək üçün Özlərini təqdis edib pak edənlər, Mərkəzdə duranın ardınca gedərək Donuz, siçan və digər murdar heyvanların Ətini yeyənlərin hamısı məhv olacaq» Rəbb bəyan edir.
Isai Northern 66:18  «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək.
Isai Northern 66:19  Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.
Isai Northern 66:20  İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.
Isai Northern 66:21  Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
Isai Northern 66:22  «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir.
Isai Northern 66:23  «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə Bütün bəşər gəlib qarşımda səcdə edəcək». Rəbb deyir.
Isai Northern 66:24  «Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, Onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək».