Site uses cookies to provide basic functionality.

OK
LUKE
Prev Up Next
Chapter 13
Luke Northern 13:1  Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı.
Luke Northern 13:2  İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər?
Luke Northern 13:3  Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız.
Luke Northern 13:4  Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz?
Luke Northern 13:5  Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».
Luke Northern 13:6  Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı.
Luke Northern 13:7  O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?”
Luke Northern 13:8  Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm.
Luke Northern 13:9  Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».
Luke Northern 13:10  İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi.
Luke Northern 13:11  Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi.
Luke Northern 13:12  İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun».
Luke Northern 13:13  İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı.
Luke Northern 13:14  Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox».
Luke Northern 13:15  Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı?
Luke Northern 13:16  İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?»
Luke Northern 13:17  İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Luke Northern 13:18  Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim?
Luke Northern 13:19  O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».
Luke Northern 13:20  İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim?
Luke Northern 13:21  O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
Luke Northern 13:22  İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi.
Luke Northern 13:23  Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi:
Luke Northern 13:24  «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək.
Luke Northern 13:25  Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!”
Luke Northern 13:26  Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”.
Luke Northern 13:27  O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!”
Luke Northern 13:28  İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq.
Luke Northern 13:29  Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq.
Luke Northern 13:30  Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
Luke Northern 13:31  O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir».
Luke Northern 13:32  İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”.
Luke Northern 13:33  Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!
Luke Northern 13:34  Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!
Luke Northern 13:35  Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz».