Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next
Chapter 43
Ezek Northern 43:1  O adam məni şərqə baxan darvazanın yanına gətirdi.
Ezek Northern 43:2  Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı.
Ezek Northern 43:3  Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım.
Ezek Northern 43:4  Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi.
Ezek Northern 43:5  Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub.
Ezek Northern 43:6  Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim.
Ezek Northern 43:7  O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq.
Ezek Northern 43:8  Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım.
Ezek Northern 43:9  İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram.
Ezek Northern 43:10  Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər.
Ezek Northern 43:11  Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər.
Ezek Northern 43:12  Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.
Ezek Northern 43:13  Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir:
Ezek Northern 43:14  qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac,
Ezek Northern 43:15  qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq.
Ezek Northern 43:16  Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq.
Ezek Northern 43:17  Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pilləkənləri şərqə baxacaq».
Ezek Northern 43:18  O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir.
Ezek Northern 43:19  Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir.
Ezek Northern 43:20  “Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver.
Ezek Northern 43:21  Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.
Ezek Northern 43:22  İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin.
Ezek Northern 43:23  Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir.
Ezek Northern 43:24  Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin.
Ezek Northern 43:25  Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın.
Ezek Northern 43:26  Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər.
Ezek Northern 43:27  Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».