Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next Toggle notes
Chapter 22
I Ch Northern 22:1  Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».
I Ch Northern 22:2  Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi.
I Ch Northern 22:3  Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı
I Ch Northern 22:4  və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi.
I Ch Northern 22:5  Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
I Ch Northern 22:6  Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi.
I Ch Northern 22:7  Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı.
I Ch Northern 22:8  Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən.
I Ch Northern 22:9  Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.
I Ch Northern 22:10  O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”.
I Ch Northern 22:11  İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.
I Ch Northern 22:12  Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən.
I Ch Northern 22:13  Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə.
I Ch Northern 22:14  Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et.
I Ch Northern 22:15  Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər,
I Ch Northern 22:16  hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».
I Ch Northern 22:17  Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi:
I Ch Northern 22:18  «Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib.
I Ch Northern 22:19  İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».