Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next Toggle notes
Chapter 5
I Ch Northern 5:1  İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı.
I Ch Northern 5:2  Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi.
I Ch Northern 5:3  İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
I Ch Northern 5:4  Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey,
I Ch Northern 5:5  onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal,
I Ch Northern 5:6  onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi.
I Ch Northern 5:7  Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə,
I Ch Northern 5:8  Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı.
I Ch Northern 5:9  Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi.
I Ch Northern 5:10  Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.
I Ch Northern 5:11  Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı.
I Ch Northern 5:12  Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi.
I Ch Northern 5:13  Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər.
I Ch Northern 5:14  Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi.
I Ch Northern 5:15  Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi.
I Ch Northern 5:16  Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı.
I Ch Northern 5:17  Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.
I Ch Northern 5:18  Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi.
I Ch Northern 5:19  Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi.
I Ch Northern 5:20  İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.
I Ch Northern 5:21  Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı.
I Ch Northern 5:22  Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.
I Ch Northern 5:23  Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar.
I Ch Northern 5:24  Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi.
I Ch Northern 5:25  Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər.
I Ch Northern 5:26  Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.