Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next
Chapter 16
Matt Northern 16:1  Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin.
Matt Northern 16:2  Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”,
Matt Northern 16:3  səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz?
Matt Northern 16:4  Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.
Matt Northern 16:5  Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar.
Matt Northern 16:6  İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
Matt Northern 16:7  Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir».
Matt Northern 16:8  İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?
Matt Northern 16:9  Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
Matt Northern 16:10  Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı?
Matt Northern 16:11  Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
Matt Northern 16:12  O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.
Matt Northern 16:13  İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?»
Matt Northern 16:14  Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir».
Matt Northern 16:15  İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?»
Matt Northern 16:16  Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».
Matt Northern 16:17  İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.
Matt Northern 16:18  Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Matt Northern 16:19  Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq».
Matt Northern 16:20  Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.
Matt Northern 16:21  Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.
Matt Northern 16:22  Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!»
Matt Northern 16:23  Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
Matt Northern 16:24  Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
Matt Northern 16:25  Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq.
Matt Northern 16:26  İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?
Matt Northern 16:27  Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.
Matt Northern 16:28  Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».