Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next
Chapter 39
Ezek Northern 39:1  Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
Ezek Northern 39:2  Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
Ezek Northern 39:3  Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
Ezek Northern 39:4  Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.
Ezek Northern 39:5  Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
Ezek Northern 39:6  Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.
Ezek Northern 39:7  Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
Ezek Northern 39:8  Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.
Ezek Northern 39:9  Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
Ezek Northern 39:10  Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
Ezek Northern 39:11  “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.
Ezek Northern 39:12  Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.
Ezek Northern 39:13  Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.
Ezek Northern 39:14  “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
Ezek Northern 39:15  Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
Ezek Northern 39:16  Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
Ezek Northern 39:17  Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
Ezek Northern 39:18  Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.
Ezek Northern 39:19  Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.
Ezek Northern 39:20  Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.
Ezek Northern 39:21  “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
Ezek Northern 39:22  Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
Ezek Northern 39:23  Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
Ezek Northern 39:24  Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
Ezek Northern 39:25  Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.
Ezek Northern 39:26  Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
Ezek Northern 39:27  Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.
Ezek Northern 39:28  Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
Ezek Northern 39:29  Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».