Site uses cookies to provide basic functionality.

OK
I KINGS
Prev Up Next
Chapter 15
I Ki Northern 15:1  Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.
I Ki Northern 15:2  O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.
I Ki Northern 15:3  Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
I Ki Northern 15:4  Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.
I Ki Northern 15:5  Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.
I Ki Northern 15:6  Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.
I Ki Northern 15:7  Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.
I Ki Northern 15:8  Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.
I Ki Northern 15:9  İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.
I Ki Northern 15:10  O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.
I Ki Northern 15:11  Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.
I Ki Northern 15:12  O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.
I Ki Northern 15:13  Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.
I Ki Northern 15:14  Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
I Ki Northern 15:15  O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.
I Ki Northern 15:16  Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.
I Ki Northern 15:17  İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
I Ki Northern 15:18  Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:
I Ki Northern 15:19  «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
I Ki Northern 15:20  Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.
I Ki Northern 15:21  Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.
I Ki Northern 15:22  Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.
I Ki Northern 15:23  Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.
I Ki Northern 15:24  Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.
I Ki Northern 15:25  Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
I Ki Northern 15:26  O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.
I Ki Northern 15:27  İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.
I Ki Northern 15:28  Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.
I Ki Northern 15:29  O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.
I Ki Northern 15:30  İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.
I Ki Northern 15:31  Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
I Ki Northern 15:32  Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.
I Ki Northern 15:33  Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.
I Ki Northern 15:34  O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.