Site uses cookies to provide basic functionality.

OK
I KINGS
Prev Up Next
Chapter 11
I Ki Northern 11:1  Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi.
I Ki Northern 11:2  Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı.
I Ki Northern 11:3  Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar.
I Ki Northern 11:4  Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
I Ki Northern 11:5  Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi.
I Ki Northern 11:6  Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi.
I Ki Northern 11:7  Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi.
I Ki Northern 11:8  O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi.
I Ki Northern 11:9  Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək
I Ki Northern 11:10  «başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi.
I Ki Northern 11:11  Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm.
I Ki Northern 11:12  Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam.
I Ki Northern 11:13  Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm».
I Ki Northern 11:14  Rəbb Edomlu Hadadı Süleymana düşmən etdi. O, Edomun padşah nəslindən idi.
I Ki Northern 11:15  Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı.
I Ki Northern 11:16  Yoav bütün İsraillilərlə birgə Edomda olan bütün kişiləri qırana qədər altı ay orada qalmışdı.
I Ki Northern 11:17  O zaman Hadad və atasının əyanlarından olan bəzi Edomlular onunla birgə Misirə tərəf qaçmışdılar. Hadad balaca bir uşaq idi.
I Ki Northern 11:18  Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi.
I Ki Northern 11:19  Hadad fironun gözündə böyük rəğbət qazandı və firon arvadı mələkə Taxpenesin bacısını ona arvad olmaq üçün verdi.
I Ki Northern 11:20  Taxpenesin bacısı ona oğlu Genuvatı doğdu. Taxpenes özü fironun evində onu böyütdü. Genuvat fironun evində, fironun oğulları arasında idi.
I Ki Northern 11:21  Hadad Misirdə olanda Davudun vəfat etdiyini və ordu başçısı Yoavın öldüyünü eşidib firona dedi: «Göndər məni, öz ölkəmə gedim».
I Ki Northern 11:22  Firon ona dedi: «Məgər mənim yanımda bir şeyə ehtiyacın var ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Yox, ancaq sən məni göndər, gedim».
I Ki Northern 11:23  Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi.
I Ki Northern 11:24  Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər.
I Ki Northern 11:25  O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi.
I Ki Northern 11:26  Süleymanın təbəələrindən biri – Seredadan olan Efrayimli Nevat oğlu Yarovam da padşaha qarşı çıxmışdı. Onun dul bir qadın olan anasının adı Serua idi.
I Ki Northern 11:27  Yarovamın padşaha qarşı çıxmasının səbəbi bu idi: Süleyman qala yamacını tikdi və atası Davudun şəhərinin divarındakı yarığı bərpa etdi.
I Ki Northern 11:28  Yarovam bacarıqlı adam idi. Süleyman cavan oğlanın iş bacarığını gördü və onu Yusifin nəslindən olan ağır işdə işləyən adamların üzərində rəis qoydu.
I Ki Northern 11:29  O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi.
I Ki Northern 11:30  Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı.
I Ki Northern 11:31  Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm.
I Ki Northern 11:32  Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq.
I Ki Northern 11:33  Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi.
I Ki Northern 11:34  Buna baxmayaraq, bütün padşahlığı onun əlindən çəkib almayacağam. Əmrlərimə və qaydalarıma əməl edən seçdiyim qulum Davudun xatirinə onu bütün ömrü boyu hökmdar edəcəyəm.
I Ki Northern 11:35  Padşahlığı onun oğlunun əlindən çəkib alacağam və on qəbiləni sənə verəcəyəm.
I Ki Northern 11:36  Onun oğluna isə bir qəbiləni verəcəyəm ki, Mənim önümdə, adımı oraya qoymaq üçün seçdiyim şəhər olan Yerusəlimdə həmişə qulum Davudun çırağı olsun.
I Ki Northern 11:37  Mən səni seçirəm, sən ürəyin istədiyi hər şey üzərində hökmranlıq edəcəksən və İsrailin padşahı olacaqsan.
I Ki Northern 11:38  Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm.
I Ki Northern 11:39  Mən bundan ötrü Davudun nəslini alçaldacağam, ancaq həmişəlik yox”».
I Ki Northern 11:40  Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı.
I Ki Northern 11:41  Süleymanın qalan işləri, etdiyi hər şey və onun hikməti barədə Süleymanın əməlləri kitabında yazılmışdır.
I Ki Northern 11:42  O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.
I Ki Northern 11:43  Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.