Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next Toggle notes
Chapter 80
Psal Northern 80:1  Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
Psal Northern 80:2  Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
Psal Northern 80:3  Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Psal Northern 80:4  Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
Psal Northern 80:5  Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
Psal Northern 80:6  Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
Psal Northern 80:7  Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Psal Northern 80:8  Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin.
Psal Northern 80:9  Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü.
Psal Northern 80:10  Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı.
Psal Northern 80:11  Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı.
Psal Northern 80:12  Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
Psal Northern 80:13  Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir.
Psal Northern 80:14  Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal.
Psal Northern 80:15  Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən.
Psal Northern 80:16  Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
Psal Northern 80:17  Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun.
Psal Northern 80:18  Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq.
Psal Northern 80:19  Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!