Site uses cookies to provide basic functionality.

OK
ACTS
Prev Up Next Toggle notes
Chapter 26
Acts Northern 26:1  Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı:
Acts Northern 26:2  «Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram.
Acts Northern 26:3  Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
Acts Northern 26:4  Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm.
Acts Northern 26:5  Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər.
Acts Northern 26:6  İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram.
Acts Northern 26:7  Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər.
Acts Northern 26:8  Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
Acts Northern 26:9  Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm.
Acts Northern 26:10  Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim.
Acts Northern 26:11  Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim.
Acts Northern 26:12  Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım.
Acts Northern 26:13  Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm.
Acts Northern 26:14  Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”.
Acts Northern 26:15  Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam.
Acts Northern 26:16  Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim.
Acts Northern 26:17  Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki,
Acts Northern 26:18  onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”.
Acts Northern 26:19  Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim.
Acts Northern 26:20  Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım.
Acts Northern 26:21  Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər.
Acts Northern 26:22  Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil.
Acts Northern 26:23  Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».
Acts Northern 26:24  Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub».
Acts Northern 26:25  Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram.
Acts Northern 26:26  Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil.
Acts Northern 26:27  Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan».
Acts Northern 26:28  Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?»
Acts Northern 26:29  Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»
Acts Northern 26:30  Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar.
Acts Northern 26:31  Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir».
Acts Northern 26:32  Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».