Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 32
Gene Northern 32:1  Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi.
Gene Northern 32:2  Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim qoydu.
Gene Northern 32:3  Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi.
Gene Northern 32:4  Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”.
Gene Northern 32:5  Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».
Gene Northern 32:6  Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var».
Gene Northern 32:7  Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi:
Gene Northern 32:8  «Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin».
Gene Northern 32:9  Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”.
Gene Northern 32:10  Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var.
Gene Northern 32:11  Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram.
Gene Northern 32:12  Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”».
Gene Northern 32:13  Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq
Gene Northern 32:14  iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç,
Gene Northern 32:15  balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü.
Gene Northern 32:16  Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın».
Gene Northern 32:17  Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda
Gene Northern 32:18  ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”».
Gene Northern 32:19  Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi:
Gene Northern 32:20  «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər».
Gene Northern 32:21  Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı.
Gene Northern 32:22  Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi.
Gene Northern 32:23  Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi.
Gene Northern 32:24  Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi.
Gene Northern 32:25  Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi.
Gene Northern 32:26  O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram».
Gene Northern 32:27  O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub».
Gene Northern 32:28  O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
Gene Northern 32:29  Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi.
Gene Northern 32:30  Yaqub o yerin adını Peniel qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım».
Gene Northern 32:31  Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı.
Gene Northern 32:32  Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.