Site uses cookies to provide basic functionality.

OK
EZRA
1 2 3 4 5 6 7 8 9 10
Prev Up Next Toggle notes
Chapter 8
Ezra Northern 8:1  Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır:
Ezra Northern 8:2  Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş,
Ezra Northern 8:3  Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi.
Ezra Northern 8:4  Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi.
Ezra Northern 8:5  Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi.
Ezra Northern 8:6  Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi.
Ezra Northern 8:7  Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi.
Ezra Northern 8:8  Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi.
Ezra Northern 8:9  Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi.
Ezra Northern 8:10  Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi.
Ezra Northern 8:11  Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi.
Ezra Northern 8:12  Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi.
Ezra Northern 8:13  Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi.
Ezra Northern 8:14  Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi.
Ezra Northern 8:15  Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim.
Ezra Northern 8:16  Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım.
Ezra Northern 8:17  Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim.
Ezra Northern 8:18  Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri,
Ezra Northern 8:19  Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri,
Ezra Northern 8:20  Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu.
Ezra Northern 8:21  Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim.
Ezra Northern 8:22  Çünki düşmənə qarşı yolda bizə kömək etmək üçün padşahdan əsgər və atlılar istəməyə utanırdım, həm də padşaha belə söyləmişdik: «Allahımızın əli yaxşılıq etmək üçün Ona etiqad edənlərin üzərindədir. Lakin Ondan dönənlərə Öz gücünü və qəzəbini göstərir».
Ezra Northern 8:23  Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi.
Ezra Northern 8:24  Kahinlərin rəhbərləri arasından on iki nəfəri – Şerevya, Xaşavya ilə onların on nəfər soydaşını seçdim.
Ezra Northern 8:25  Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim.
Ezra Northern 8:26  Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl,
Ezra Northern 8:27  min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim.
Ezra Northern 8:28  Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir.
Ezra Northern 8:29  Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun».
Ezra Northern 8:30  Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər.
Ezra Northern 8:31  Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı.
Ezra Northern 8:32  Biz Yerusəlimə çatıb orada üç gün qaldıq.
Ezra Northern 8:33  Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi.
Ezra Northern 8:34  Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı.
Ezra Northern 8:35  Bütün İsrail üçün sürgündən qayıdanlar İsrailin Allahına yandırma qurbanı olaraq on iki buğa, doxsan altı qoç, yetmiş yeddi quzu və günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Bunların hamısı Rəbbə təqdim edilən yandırma qurbanları idi.
Ezra Northern 8:36  Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.