Site uses cookies to provide basic functionality.

OK
LUKE
Prev Up Next Toggle notes
Chapter 10
Luke Northern 10:1  Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi.
Luke Northern 10:2  Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin.
Luke Northern 10:3  Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm.
Luke Northern 10:4  Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın.
Luke Northern 10:5  Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin.
Luke Northern 10:6  Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq.
Luke Northern 10:7  Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin.
Luke Northern 10:8  Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin.
Luke Northern 10:9  Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”.
Luke Northern 10:10  Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin:
Luke Northern 10:11  “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”.
Luke Northern 10:12  Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq.
Luke Northern 10:13  Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi.
Luke Northern 10:14  Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.
Luke Northern 10:15  Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.
Luke Northern 10:16  Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
Luke Northern 10:17  Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!»
Luke Northern 10:18  İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm.
Luke Northern 10:19  Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq.
Luke Northern 10:20  Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
Luke Northern 10:21  İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.
Luke Northern 10:22  Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».
Luke Northern 10:23  Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür!
Luke Northern 10:24  Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
Luke Northern 10:25  Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?»
Luke Northern 10:26  İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?»
Luke Northern 10:27  Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”».
Luke Northern 10:28  İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan».
Luke Northern 10:29  Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
Luke Northern 10:30  İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər.
Luke Northern 10:31  Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi.
Luke Northern 10:32  Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi.
Luke Northern 10:33  O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.
Luke Northern 10:34  Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi.
Luke Northern 10:35  Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”.
Luke Northern 10:36  Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?»
Luke Northern 10:37  Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
Luke Northern 10:38  İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi.
Luke Northern 10:39  Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.
Luke Northern 10:40  Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin».
Luke Northern 10:41  Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən.
Luke Northern 10:42  Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».