Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next
Chapter 139
Psal Northern 139:2  Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan.
Psal Northern 139:3  Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
Psal Northern 139:4  Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
Psal Northern 139:5  Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
Psal Northern 139:6  Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
Psal Northern 139:7  Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım?
Psal Northern 139:8  Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
Psal Northern 139:9  Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə,
Psal Northern 139:10  Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq.
Psal Northern 139:11  Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün»,
Psal Northern 139:12  Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var?
Psal Northern 139:13  Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən.
Psal Northern 139:14  Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
Psal Northern 139:15  Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
Psal Northern 139:16  Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
Psal Northern 139:17  Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
Psal Northern 139:18  Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
Psal Northern 139:19  Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,
Psal Northern 139:20  Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər!
Psal Northern 139:21  Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi?
Psal Northern 139:22  Onlara tamamilə nifrət edirəm, Onları özümə düşmən sayıram.
Psal Northern 139:23  Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.
Psal Northern 139:24  Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!