Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 29
Gene Northern 29:1  Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.
Gene Northern 29:2  O gördü ki, çöllükdə bir quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük bir daş var idi.
Gene Northern 29:3  Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular.
Gene Northern 29:4  Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq».
Gene Northern 29:5  Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq».
Gene Northern 29:6  Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir».
Gene Northern 29:7  Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın».
Gene Northern 29:8  Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik».
Gene Northern 29:9  Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi.
Gene Northern 29:10  Yaqub dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi.
Gene Northern 29:11  Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı.
Gene Northern 29:12  Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı.
Gene Northern 29:13  Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı.
Gene Northern 29:14  Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı.
Gene Northern 29:15  Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?»
Gene Northern 29:16  Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi.
Gene Northern 29:17  Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi.
Gene Northern 29:18  Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm».
Gene Northern 29:19  Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal».
Gene Northern 29:20  Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü.
Gene Northern 29:21  Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim».
Gene Northern 29:22  Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi.
Gene Northern 29:23  Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi.
Gene Northern 29:24  Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi.
Gene Northern 29:25  Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?»
Gene Northern 29:26  Lavan dedi: «Bizim yerdə kiçik qızı böyüyündən əvvəl ərə vermək olmaz.
Gene Northern 29:27  Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də yanımda daha yeddi il xidmət etməlisən».
Gene Northern 29:28  Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi.
Gene Northern 29:29  Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün verdi.
Gene Northern 29:30  Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi.
Gene Northern 29:31  Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi.
Gene Northern 29:32  Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək».
Gene Northern 29:33  O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu.
Gene Northern 29:34  Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi qoydu.
Gene Northern 29:35  O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda qoydu. Sonra o, bir müddət doğmadı.