Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next Toggle notes
Chapter 44
Psal Northern 44:1  Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
Psal Northern 44:2  Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
Psal Northern 44:3  Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Psal Northern 44:4  Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
Psal Northern 44:5  Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
Psal Northern 44:6  Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
Psal Northern 44:7  Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
Psal Northern 44:8  Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
Psal Northern 44:9  İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
Psal Northern 44:10  Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
Psal Northern 44:11  Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
Psal Northern 44:12  Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
Psal Northern 44:13  Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
Psal Northern 44:14  Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
Psal Northern 44:15  Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
Psal Northern 44:16  Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
Psal Northern 44:17  Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.
Psal Northern 44:18  Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda
Psal Northern 44:19  Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin.
Psal Northern 44:20  Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
Psal Northern 44:21  Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur.
Psal Northern 44:22  Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq.
Psal Northern 44:23  Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
Psal Northern 44:24  Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun?
Psal Northern 44:25  Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir.
Psal Northern 44:26  Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et!