Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 5
Isai Northern 5:1  Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində Sevgilimin bir üzüm bağı var idi.
Isai Northern 5:2  O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi, Ortada gözətçi qülləsi tikdi, Üzümsıxan düzəltdi, Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi.
Isai Northern 5:3  «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, Ey Yəhuda adamları, Mənimlə üzüm bağımın arasında hakim olun!
Isai Northern 5:4  Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin?
Isai Northern 5:5  İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq.
Isai Northern 5:6  Oranı viranəliyə çevirəcəyəm, Oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, Buludlara əmr edəcəyəm ki, Üzərinə yağış yağmasın».
Isai Northern 5:7  İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir! O, ədalət gözləyirdi, Budur, zorakılıq gördü, O, salehlik gözləyirdi, Budur, fəryadlar gördü!
Isai Northern 5:8  Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız?
Isai Northern 5:9  Ordular Rəbbi mənə belə eşitdirdi: «Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq, İçində yaşayan olmayacaq.
Isai Northern 5:10  Üzümlüyün on sahəsindən bir bat şərab əldə ediləcək, Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».
Isai Northern 5:11  Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin, Gecə yarısınadək şərab içib keflənənlərin!
Isai Northern 5:12  Onların ziyafətlərində Lira, çəng, dəf və ney çalınar, Şərab içilər, Lakin onlar Rəbbin gördüyü işlərə Diqqət etməzlər, əməllərinə baxmazlar!
Isai Northern 5:13  Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək, Onun adlı-sanlı adamları acından öləcək, Adi adamlar isə susuzluqdan yanacaq!
Isai Northern 5:14  Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.
Isai Northern 5:15  Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək, Təkəbbürlü baxışlar alçaldılacaq.
Isai Northern 5:16  Amma Ordular Rəbbi Ədaləti ilə ucaldılacaq, Müqəddəs Allah salehliyi ilə Müqəddəsliyini göstərəcək.
Isai Northern 5:17  Quzular öz otlaqlarındakı kimi otlayacaq, Varlıların viranə qalan evlərini yadellilər alacaq.
Isai Northern 5:18  Pisliyi yalanla hörülmüş iplərlə, Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
Isai Northern 5:19  Onlar deyir: «Qoy Allah tələssin, Öz əməlini tez həyata keçirsin, biz də görək. Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»
Isai Northern 5:20  Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin, Qaranlığı işıq, işığı qaranlıq sayanların, Acıya şirin, şirinə acı deyənlərin!
Isai Northern 5:21  Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!
Isai Northern 5:22  Vay halına şərab içməkdə qəhrəman, İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
Isai Northern 5:23  Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların!
Isai Northern 5:24  Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
Isai Northern 5:25  Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
Isai Northern 5:26  Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək.
Isai Northern 5:27  Aralarında yorulan, büdrəyən olmayacaq. Onlar mürgüləməyəcək və yuxuya getməyəcək, Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.
Isai Northern 5:28  Onların oxları iti, yayları da dartılmışdır. Atların dırnaqları çaxmaq daşına bənzər, Döyüş arabalarının təkərləri qasırğa kimidir.
Isai Northern 5:29  Onların nərəsi bağıran şikarlarını qapıb aparan, Kimsə onu əlindən ala bilməyən Şirin, gənc aslanın nərəsinə bənzər.
Isai Northern 5:30  O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb.