Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 1
Isai Northern 1:1  Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
Isai Northern 1:2  Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.
Isai Northern 1:3  Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır».
Isai Northern 1:4  Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.
Isai Northern 1:5  Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb.
Isai Northern 1:6  Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.
Isai Northern 1:7  Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb.
Isai Northern 1:8  Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
Isai Northern 1:9  Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik.
Isai Northern 1:10  Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin!
Isai Northern 1:11  Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm.
Isai Northern 1:12  Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
Isai Northern 1:13  Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm!
Isai Northern 1:14  Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum.
Isai Northern 1:15  Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur,
Isai Northern 1:16  Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin.
Isai Northern 1:17  Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin».
Isai Northern 1:18  Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Isai Northern 1:19  İtaətkar olub sözə baxsanız, Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
Isai Northern 1:20  Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
Isai Northern 1:21  Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur!
Isai Northern 1:22  Gümüşünüz tullantıya çevrildi, Şərabınıza su qatıldı.
Isai Northern 1:23  Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür.
Isai Northern 1:24  Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam.
Isai Northern 1:25  Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
Isai Northern 1:26  Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
Isai Northern 1:27  Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq.
Isai Northern 1:28  Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq.
Isai Northern 1:29  Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
Isai Northern 1:30  Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz.
Isai Northern 1:31  Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.