Site uses cookies to provide basic functionality.

OK
JOHN
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 12
John Northern 12:1  Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi.
John Northern 12:2  Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi.
John Northern 12:3  Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü.
John Northern 12:4  Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi:
John Northern 12:5  «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?»
John Northern 12:6  Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı.
John Northern 12:7  Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın.
John Northern 12:8  Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
John Northern 12:9  Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi.
John Northern 12:10  Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar.
John Northern 12:11  Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
John Northern 12:12  Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə
John Northern 12:13  xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı.
John Northern 12:14  İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
John Northern 12:15  «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir».
John Northern 12:16  Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar.
John Northern 12:17  İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi.
John Northern 12:18  Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı.
John Northern 12:19  Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
John Northern 12:20  Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi.
John Northern 12:21  Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər.
John Northern 12:22  Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər.
John Northern 12:23  İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi.
John Northern 12:24  Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
John Northern 12:25  Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar.
John Northern 12:26  Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
John Northern 12:27  İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.
John Northern 12:28  Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
John Northern 12:29  Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi.
John Northern 12:30  İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi.
John Northern 12:31  İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq.
John Northern 12:32  Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm».
John Northern 12:33  İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi.
John Northern 12:34  Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?»
John Northern 12:35  Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
John Northern 12:36  Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.
John Northern 12:37  Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.
John Northern 12:38  Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?»
John Northern 12:39  Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
John Northern 12:40  «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».
John Northern 12:41  Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
John Northern 12:42  Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.
John Northern 12:43  Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
John Northern 12:44  İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir.
John Northern 12:46  Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.
John Northern 12:47  Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim.
John Northern 12:48  Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək.
John Northern 12:49  Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi.
John Northern 12:50  Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».