Site uses cookies to provide basic functionality.

OK
JUDGES
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next Toggle notes
Chapter 9
Judg Northern 9:1  Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi:
Judg Northern 9:2  «Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”».
Judg Northern 9:3  Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər.
Judg Northern 9:4  Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər.
Judg Northern 9:5  Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi.
Judg Northern 9:6  Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi.
Judg Northern 9:7  Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin.
Judg Northern 9:8  Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”.
Judg Northern 9:9  Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?”
Judg Northern 9:10  Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”.
Judg Northern 9:11  Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?”
Judg Northern 9:12  Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”.
Judg Northern 9:13  Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?”
Judg Northern 9:14  Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”.
Judg Northern 9:15  Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”.
Judg Northern 9:16  Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi?
Judg Northern 9:17  Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı.
Judg Northern 9:18  Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır.
Judg Northern 9:19  Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin.
Judg Northern 9:20  Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin».
Judg Northern 9:21  Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı.
Judg Northern 9:22  Avimelek üç il İsrail üzərində başçılıq etdi.
Judg Northern 9:23  Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar.
Judg Northern 9:24  Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın.
Judg Northern 9:25  Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər.
Judg Northern 9:26  Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi.
Judg Northern 9:27  Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular.
Judg Northern 9:28  Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik?
Judg Northern 9:29  Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!»
Judg Northern 9:30  Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı.
Judg Northern 9:31  Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar.
Judg Northern 9:32  İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun.
Judg Northern 9:33  Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et».
Judg Northern 9:34  Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular.
Judg Northern 9:35  Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar.
Judg Northern 9:36  Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan».
Judg Northern 9:37  Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir».
Judg Northern 9:38  O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş».
Judg Northern 9:39  Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü.
Judg Northern 9:40  Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi.
Judg Northern 9:41  Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu.
Judg Northern 9:42  Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi.
Judg Northern 9:43  O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi.
Judg Northern 9:44  Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı.
Judg Northern 9:45  Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi.
Judg Northern 9:46  Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər.
Judg Northern 9:47  Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər.
Judg Northern 9:48  Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin».
Judg Northern 9:49  Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü.
Judg Northern 9:50  Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı.
Judg Northern 9:51  Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar.
Judg Northern 9:52  Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı.
Judg Northern 9:53  Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi.
Judg Northern 9:54  Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü.
Judg Northern 9:55  İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı.
Judg Northern 9:56  Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi.
Judg Northern 9:57  Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü.