Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 30
Job Northern 30:1  Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım.
Job Northern 30:2  Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı.
Job Northern 30:3  Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
Job Northern 30:4  Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər.
Job Northern 30:5  Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar.
Job Northern 30:6  Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar.
Job Northern 30:7  Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar.
Job Northern 30:8  Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular.
Job Northern 30:9  İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam.
Job Northern 30:10  İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər.
Job Northern 30:11  Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar.
Job Northern 30:12  Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir.
Job Northern 30:13  Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar.
Job Northern 30:14  Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar.
Job Northern 30:15  Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi.
Job Northern 30:16  İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı.
Job Northern 30:17  Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.
Job Northern 30:18  Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır.
Job Northern 30:19  Məni lilə batırır, Toza, külə dönmüşəm.
Job Northern 30:20  Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan.
Job Northern 30:21  Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən.
Job Northern 30:22  Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən.
Job Northern 30:23  Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
Job Northern 30:24  Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur.
Job Northern 30:25  Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı?
Job Northern 30:26  Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi.
Job Northern 30:27  Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi.
Job Northern 30:28  Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm.
Job Northern 30:29  Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum.
Job Northern 30:30  Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır.
Job Northern 30:31  Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir.