Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 41
Job Northern 41:1  Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi?
Job Northern 41:2  Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi?
Job Northern 41:3  Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı?
Job Northern 41:4  Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi?
Job Northern 41:5  Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
Job Northern 41:6  Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi?
Job Northern 41:7  Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
Job Northern 41:8  Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən.
Job Northern 41:9  Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı?
Job Northern 41:10  Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər?
Job Northern 41:11  Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir.
Job Northern 41:12  Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
Job Northern 41:13  Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər?
Job Northern 41:14  Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir.
Job Northern 41:15  Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb,
Job Northern 41:16  Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz.
Job Northern 41:17  Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz.
Job Northern 41:18  Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır.
Job Northern 41:19  Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır.
Job Northern 41:20  Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır.
Job Northern 41:21  Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır.
Job Northern 41:22  Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır.
Job Northern 41:23  Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
Job Northern 41:24  Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir.
Job Northern 41:25  Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir.
Job Northern 41:26  Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır.
Job Northern 41:27  Dəmiri saman çöpü, Tuncu çürük odun sayır.
Job Northern 41:28  O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
Job Northern 41:29  Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür.
Job Northern 41:30  Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur.
Job Northern 41:31  Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir,
Job Northern 41:32  Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır.
Job Northern 41:33  Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur.
Job Northern 41:34  Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir».