Site uses cookies to provide basic functionality.

OK
LUKE
Prev Up Next
Chapter 23
Luke Northern 23:1  Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı.
Luke Northern 23:2  Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır».
Luke Northern 23:3  Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
Luke Northern 23:4  Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm».
Luke Northern 23:5  Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».
Luke Northern 23:6  Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»
Luke Northern 23:7  İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.
Luke Northern 23:8  Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu.
Luke Northern 23:9  Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.
Luke Northern 23:10  Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər.
Luke Northern 23:11  Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.
Luke Northern 23:12  Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.
Luke Northern 23:13  O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb
Luke Northern 23:14  onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim.
Luke Northern 23:15  Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib.
Luke Northern 23:16  Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm».
Luke Northern 23:18  Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!»
Luke Northern 23:19  Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı.
Luke Northern 23:20  Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı.
Luke Northern 23:21  Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar.
Luke Northern 23:22  Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm».
Luke Northern 23:23  Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi.
Luke Northern 23:24  Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.
Luke Northern 23:25  Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
Luke Northern 23:26  Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.
Luke Northern 23:27  İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.
Luke Northern 23:28  İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.
Luke Northern 23:29  Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.
Luke Northern 23:30  “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.
Luke Northern 23:31  Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
Luke Northern 23:32  İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.
Luke Northern 23:33  Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
Luke Northern 23:34  Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
Luke Northern 23:35  Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
Luke Northern 23:36  Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
Luke Northern 23:37  belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
Luke Northern 23:38  Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
Luke Northern 23:39  Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!».
Luke Northern 23:40  O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
Luke Northern 23:41  Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
Luke Northern 23:42  Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
Luke Northern 23:43  İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
Luke Northern 23:44  Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
Luke Northern 23:45  günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
Luke Northern 23:46  İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
Luke Northern 23:47  Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
Luke Northern 23:48  Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
Luke Northern 23:49  İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
Luke Northern 23:50  Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi.
Luke Northern 23:51  O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.
Luke Northern 23:52  O, Pilatın yanına gedib İsanın cəsədini istədi.
Luke Northern 23:53  Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.
Luke Northern 23:54  O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı.
Luke Northern 23:55  İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər.
Luke Northern 23:56  Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.