Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next
Chapter 22
II S Northern 22:1  Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi;
II S Northern 22:2  O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır,
II S Northern 22:3  Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan!
II S Northern 22:4  Həmdə layiq olan Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
II S Northern 22:5  Çünki ətrafımı ölüm dalğaları bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü,
II S Northern 22:6  Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.
II S Northern 22:7  Əzab içində Rəbbə yalvardım, Allahımı köməyə çağırdım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa Onun qulağına yetdi.
II S Northern 22:8  O zaman sarsılıb dünya titrədi, Göylər təməllərindən sarsılıb lərzəyə gəldi. Çünki O qəzəbləndi.
II S Northern 22:9  Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
II S Northern 22:10  O, göyləri yarıb yerədək endi. Qatı zülmət ayaqları altında idi.
II S Northern 22:11  Bir keruva minib uçdu, Yel qanadları üstündə şığıdı.
II S Northern 22:12  Ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.
II S Northern 22:13  Hüzurunun nuru şəfəq saçdı, Oradan odlu közlər düşüb alovlandı.
II S Northern 22:14  Rəbb göylərdən gurladı, Haqq-Taala səs saldı.
II S Northern 22:15  Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
II S Northern 22:16  Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
II S Northern 22:17  O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
II S Northern 22:18  Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
II S Northern 22:19  Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
II S Northern 22:20  O məni geniş yerə çıxartdı, Məndən razı qalıb məni qurtardı.
II S Northern 22:21  Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
II S Northern 22:22  Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
II S Northern 22:23  Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
II S Northern 22:24  Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam.
II S Northern 22:25  Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə təmizliyimin əvəzini verdi.
II S Northern 22:26  Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
II S Northern 22:27  Təmizlərlə təmizsən, Əyrilərlə əyriliklərinə görə davranırsan.
II S Northern 22:28  İtaətkar insanları qurtarırsan, Lovğalara göz qoyursan, onları alçaldırsan.
II S Northern 22:29  Ya Rəbb, Sən mənim çırağımsan, Rəbb zülmətimi nura çevirir.
II S Northern 22:30  Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
II S Northern 22:31  Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir.
II S Northern 22:32  Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
II S Northern 22:33  Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər.
II S Northern 22:34  Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar.
II S Northern 22:35  Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar.
II S Northern 22:36  Sən mənə qurtuluş qalxanını verdin, Etdiyin köməklə Sən məni yüksəltdin.
II S Northern 22:37  Geniş yer açdın ki, addımlayım, Büdrəməsin ayaqlarım.
II S Northern 22:38  Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
II S Northern 22:39  Onları əzib qurtardım, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
II S Northern 22:40  Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın,
II S Northern 22:41  Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
II S Northern 22:42  Gözləsələr də, onları qurtaran olmadı, Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.
II S Northern 22:43  Onları yerdəki toz kimi əzdim, Küçələrin palçığı kimi tapdaladım.
II S Northern 22:44  Sən məni xalqımın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
II S Northern 22:45  Yadellilər mənə boyun əyirlər. Səsimi eşidəndə mənə itaət edirlər.
II S Northern 22:46  Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
II S Northern 22:47  Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın!
II S Northern 22:48  O Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
II S Northern 22:49  O məni düşmən içindən çıxarır, Məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
II S Northern 22:50  Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm!
II S Northern 22:51  Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.