Site uses cookies to provide basic functionality.

OK
LAMENTATIONS
Up
1 2 3 4 5
Chapter 1
Lame Northern 1:1  Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir.
Lame Northern 1:2  Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu.
Lame Northern 1:3  Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar.
Lame Northern 1:4  Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,
Lame Northern 1:5  İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı.
Lame Northern 1:6  Sion qızının cah-calalı yox oldu, Onların başçıları otlaqsız maral kimi oldu, Onlar təqib edənlərin qarşısından Taqətsiz qaçırlar.
Lame Northern 1:7  Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür.
Lame Northern 1:8  Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir.
Lame Northern 1:9  Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı.
Lame Northern 1:10  Onun bütün sərvətini talamaq üçün Düşmən əlini uzatdı. Göz önündəcə millətlər, Camaatın arasına girməsini qadağan etdiyin Müqəddəs məkanına soxuldu.
Lame Northern 1:11  Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm».
Lame Northern 1:12  Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü.
Lame Northern 1:13  Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı.
Lame Northern 1:14  Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi.
Lame Northern 1:15  Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.
Lame Northern 1:16  Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.
Lame Northern 1:17  Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».
Lame Northern 1:18  Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib.
Lame Northern 1:19  Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar.
Lame Northern 1:20  Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.
Lame Northern 1:21  Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün.
Lame Northern 1:22  Etdikləri pislikləri yada sal, Üsyankarlığıma görə mənə etdiyini onlara da et, Çox ah-nalə çəkirəm, Ürəyim taqətdən düşüb.
Chapter 2
Lame Northern 2:1  Xudavənd Sion qızına qəzəblənərkən Onu hər tərəfdən qara bulud aldı. İsrailin əzəmətini göydən yerə tulladı, Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı.
Lame Northern 2:2  Xudavənd aman vermədən Yaqub nəslinin bütün məskənlərini dağıtdı, Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı, Padşahlığı, başçıları yerlə yeksan etdi.
Lame Northern 2:3  Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.
Lame Northern 2:4  Düşmən kimi kamanının yayını dartdı, Yağı kimi sağ əlini qaldırdı, Gözə xoş görünənləri tamamilə öldürdü. Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.
Lame Northern 2:5  Xudavənd İsraili uddu, Onunla düşmən kimi rəftar etdi. Bütün saraylarını yerlə yeksan etdi, Qalalarını viran qoydu, Yəhudanın fəryadını, fəğanını daha da artırdı.
Lame Northern 2:6  Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı.
Lame Northern 2:7  Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı.
Lame Northern 2:8  Rəbb niyyət etdi ki, Sion qızının divarlarını dağıtsın. Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək. Qala divarını, səddini, matəmə bürüyüb, Hamısı qüvvələrini itirib.
Lame Northern 2:9  Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.
Lame Northern 2:10  Sion qızının ağsaqqalları susub-dinmir, Onlar toz-torpaq içində əyləşib, Başlarına toz töküb, çul geyib, Yerusəlimin bakirə qızları başlarını yerə dikib.
Lame Northern 2:11  Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.
Lame Northern 2:12  Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər, Ana qucağında can verirlər. Analarından soruşurlar: «Hanı çörək, hanı şərab?»
Lame Northern 2:13  Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər?
Lame Northern 2:14  Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü.
Lame Northern 2:15  Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»
Lame Northern 2:16  Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.
Lame Northern 2:17  Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi.
Lame Northern 2:18  Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın.
Lame Northern 2:19  Qalx, gecə fəryad etməyə, Gecə növbələri başlayarkən Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök. Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə, Onlar hər tin başında acından huşunu itirir.
Lame Northern 2:20  Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?
Lame Northern 2:21  Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan.
Lame Northern 2:22  Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.
Chapter 3
Lame Northern 3:1  Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm,
Lame Northern 3:2  O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi.
Lame Northern 3:3  Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır.
Lame Northern 3:4  Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı.
Lame Northern 3:5  Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı.
Lame Northern 3:6  Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı.
Lame Northern 3:7  Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm.
Lame Northern 3:8  Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi.
Lame Northern 3:9  Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı.
Lame Northern 3:10  Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür.
Lame Northern 3:11  Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı.
Lame Northern 3:12  Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi.
Lame Northern 3:13  Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı.
Lame Northern 3:14  Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
Lame Northern 3:15  O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi.
Lame Northern 3:16  Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü.
Lame Northern 3:17  Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum.
Lame Northern 3:18  Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».
Lame Northern 3:19  Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal.
Lame Northern 3:20  Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür.
Lame Northern 3:21  Amma bunları yada salarkən Məndə ümid yaranır.
Lame Northern 3:22  Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.
Lame Northern 3:23  Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Lame Northern 3:24  Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm.
Lame Northern 3:25  Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.
Lame Northern 3:26  Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
Lame Northern 3:27  Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
Lame Northern 3:28  Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb.
Lame Northern 3:29  Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var.
Lame Northern 3:30  İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar.
Lame Northern 3:31  Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz.
Lame Northern 3:32  Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr.
Lame Northern 3:33  Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.
Lame Northern 3:34  Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
Lame Northern 3:35  Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını,
Lame Northern 3:36  İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü?
Lame Northern 3:37  Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?
Lame Northern 3:38  Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr.
Lame Northern 3:39  Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir?
Lame Northern 3:40  Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
Lame Northern 3:41  Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
Lame Northern 3:42  Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın».
Lame Northern 3:43  Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən.
Lame Northern 3:44  Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir.
Lame Northern 3:45  Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən.
Lame Northern 3:46  Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.
Lame Northern 3:47  Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi.
Lame Northern 3:48  Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı.
Lame Northern 3:49  Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq,
Lame Northern 3:50  Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər.
Lame Northern 3:51  Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür.
Lame Northern 3:52  Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar.
Lame Northern 3:53  Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər.
Lame Northern 3:54  Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı».
Lame Northern 3:56  «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.
Lame Northern 3:57  Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
Lame Northern 3:58  Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın.
Lame Northern 3:59  Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver.
Lame Northern 3:60  Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün.
Lame Northern 3:61  Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar.
Lame Northern 3:62  Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin.
Lame Northern 3:63  Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam.
Lame Northern 3:64  Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən.
Lame Northern 3:65  Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin.
Lame Northern 3:66  Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at!
Chapter 4
Lame Northern 4:1  Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar.
Lame Northern 4:2  Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar.
Lame Northern 4:3  Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır.
Lame Northern 4:4  Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur.
Lame Northern 4:5  Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar.
Lame Northern 4:6  Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi, Bu şəhər əl toxunmadan Bir andaca yerlə yeksan oldu.
Lame Northern 4:7  Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi.
Lame Northern 4:8  İndisə üzləri kömür kimi qaralıb, Küçələrdə heç birini tanımaq olmur, Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb, Ağac kimi quruyub.
Lame Northern 4:9  Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb.
Lame Northern 4:10  Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi. Əziz xalqım qırılarkən Balalarının ətini yeyirdi.
Lame Northern 4:11  Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı.
Lame Northern 4:12  Dünyada heç bir padşah inanmazdı ki, Yerusəlimin darvazalarından keçib Yağılar və düşmənlər Bu şəhəri zəbt edər.
Lame Northern 4:13  Bu iş şəhərdə salehlərin qanının tökülməsi Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,
Lame Northern 4:14  Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz.
Lame Northern 4:15  İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»
Lame Northern 4:16  Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir.
Lame Northern 4:17  Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.
Lame Northern 4:18  Ardımızca düşmən düşüb, Küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi.
Lame Northern 4:19  Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər.
Lame Northern 4:20  Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq».
Lame Northern 4:21  Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan.
Lame Northern 4:22  Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq.
Chapter 5
Lame Northern 5:1  Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
Lame Northern 5:2  İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
Lame Northern 5:3  Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
Lame Northern 5:4  Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
Lame Northern 5:5  Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
Lame Northern 5:6  Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
Lame Northern 5:7  Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
Lame Northern 5:8  Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
Lame Northern 5:9  Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
Lame Northern 5:10  Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
Lame Northern 5:11  Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
Lame Northern 5:12  Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
Lame Northern 5:13  Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
Lame Northern 5:14  Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
Lame Northern 5:15  Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
Lame Northern 5:16  Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
Lame Northern 5:17  Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
Lame Northern 5:18  Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
Lame Northern 5:19  Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
Lame Northern 5:20  Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
Lame Northern 5:21  Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
Lame Northern 5:22  Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?