Site uses cookies to provide basic functionality.

OK
HOSEA
Up
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Toggle notes
Chapter 1
Hose Northern 1:1  Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.
Hose Northern 1:2  Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir».
Hose Northern 1:3  Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu.
Hose Northern 1:4  Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam.
Hose Northern 1:5  Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».
Hose Northern 1:6  Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam.
Hose Northern 1:7  Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».
Hose Northern 1:8  Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu.
Hose Northern 1:9  Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.
Hose Northern 1:10  Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək.
Hose Northern 1:11  Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq.
Chapter 2
Hose Northern 2:1  Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.
Hose Northern 2:2  Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın.
Hose Northern 2:3  Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm.
Hose Northern 2:4  Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır.
Hose Northern 2:5  Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”.
Hose Northern 2:6  Buna görə də onun yolunu qanqallarla kəsib Önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək.
Hose Northern 2:7  Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”.
Hose Northern 2:8  Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm.
Hose Northern 2:9  Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam.
Hose Northern 2:10  İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək.
Hose Northern 2:11  Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.
Hose Northern 2:12  Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar.
Hose Northern 2:13  Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir.
Hose Northern 2:14  «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm.
Hose Northern 2:15  Orada ona üzüm bağları verəcəyəm, Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi Orada nəğmə oxuyacaq».
Hose Northern 2:16  Rəbb bəyan edir: «Həmin gün Mənə “ərim” deyəcəksən, Artıq “ağam” deməyəcəksən.
Hose Northern 2:17  Baal bütlərinin adını dilindən siləcəyəm, Onların adı bir də yada salınmayacaq.
Hose Northern 2:18  O gün sənin asayişin üçün Çöl heyvanları, göy quşları və Yerdə sürünənlərlə əhd kəsəcəyəm. Ölkədən kamanı, qılıncı, Müharibəni götürəcək, Səni əmin-amanlıqda yatıracağam.
Hose Northern 2:19  Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam.
Hose Northern 2:20  Səni sədaqətlə Özümə nişanlayacağam, Sən də Rəbbi tanıyacaqsan».
Hose Northern 2:21  Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək.
Hose Northern 2:22  Yer isə taxıla, təzə şəraba və Zeytun yağına hay verəcək, Onlar da İzreelə hay verəcək.
Hose Northern 2:23  Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək».
Chapter 3
Hose Northern 3:1  Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir».
Hose Northern 3:2  Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım.
Hose Northern 3:3  Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm.
Hose Northern 3:4  Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq.
Hose Northern 3:5  Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».
Chapter 4
Hose Northern 4:1  «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.
Hose Northern 4:2  Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər.
Hose Northern 4:3  Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.
Hose Northern 4:4  Ancaq heç kəs dava etməsin, Heç kəs başqasını təqsirləndirməsin, Çünki Mənim davam səninlədir, ey kahin.
Hose Northern 4:5  Sən gündüz büdrəyəcəksən, Peyğəmbər də gecə səninlə birgə. Sənin ananı məhv edəcəyəm.
Hose Northern 4:6  Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam.
Hose Northern 4:7  Kahinlər nə qədər çoxaldısa, Mənə qarşı o qədər çox günah etdi. Onların izzətini rüsvayçılığa çevirəcəyəm.
Hose Northern 4:8  Xalqımın günahı ilə bəslənirlər, Onların qəbahətinə can atırlar.
Hose Northern 4:9  Xalqın başına gələn Kahinin də başına gələcək. Tutduqları yol üçün onları cəzalandıracağam. Əməllərinin əvəzini onlara ödəyəcəyəm.
Hose Northern 4:10  Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi.
Hose Northern 4:11  Zina, köhnə və təzə şərab Onların ürəklərini cəlb edib.
Hose Northern 4:12  Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər.
Hose Northern 4:13  Dağların başında qurban kəsirlər, Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında Kölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir, Gəlinləriniz də zinakardır.
Hose Northern 4:14  Fahişəlik edən qızlarınızı, Zina edən gəlinlərinizi cəzalandırmayacağam. Çünki kişiləriniz fahişələrlə oynaşır, Məbəd fahişələri ilə birgə qurban kəsir. Dərrakəsiz xalq məhv olacaq.
Hose Northern 4:15  Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin.
Hose Northern 4:16  Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın?
Hose Northern 4:18  Onlar içkiləri qurtarandan sonra Hələ pozğunluq da edir. Onların başçıları rüsvayçılığı çox sevir.
Hose Northern 4:19  Külək onları qanadları ilə sarıyacaq, Qurbanlarından ötrü utanacaqlar.
Chapter 5
Hose Northern 5:1  Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.
Hose Northern 5:2  Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam.
Hose Northern 5:3  Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb.
Hose Northern 5:4  Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar.
Hose Northern 5:5  İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.
Hose Northern 5:6  Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi.
Hose Northern 5:7  Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq.
Hose Northern 5:8  Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin!
Hose Northern 5:9  Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
Hose Northern 5:10  Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
Hose Northern 5:11  Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi.
Hose Northern 5:12  Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.
Hose Northern 5:13  Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.
Hose Northern 5:14  Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
Hose Northern 5:15  Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».
Chapter 6
Hose Northern 6:1  «Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.
Hose Northern 6:2  İki gün sonra bizi dirildəcək, Üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq.
Hose Northern 6:3  Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
Hose Northern 6:4  Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir.
Hose Northern 6:5  Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır.
Hose Northern 6:6  Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm.
Hose Northern 6:7  Ancaq onlar Adəm kimi əhdi pozdu, Orada Mənə xəyanət etdi.
Hose Northern 6:8  Gilead şər adamların şəhəridir, Qan izləri ilə doludur.
Hose Northern 6:9  Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, Bəli, xəbislik edir.
Hose Northern 6:10  İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.
Hose Northern 6:11  Ey Yəhuda, sənin üçün də Bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda,
Chapter 7
Hose Northern 7:1  İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir.
Hose Northern 7:2  Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir.
Hose Northern 7:3  Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.
Hose Northern 7:4  Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.
Hose Northern 7:5  Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.
Hose Northern 7:6  Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar.
Hose Northern 7:7  Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur.
Hose Northern 7:8  Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir.
Hose Northern 7:9  Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.
Hose Northern 7:10  İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar.
Hose Northern 7:11  Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.
Hose Northern 7:12  Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.
Hose Northern 7:13  Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir.
Hose Northern 7:14  Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər.
Hose Northern 7:15  Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur.
Hose Northern 7:16  Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar.
Chapter 8
Hose Northern 8:1  Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı.
Hose Northern 8:2  Onlar Mənə fəryad edib deyəcək: “Allahım, biz İsraillilər Səni tanıyırıq”.
Hose Northern 8:3  İsrail yaxşılığı rədd etdi, Düşmən onu təqib edəcək.
Hose Northern 8:4  Məndən soruşmadan Özlərinə padşah qoydular. Məndən xəbər almadan Başçılar seçdilər. Özlərinə qızıl və gümüşlərindən Ölümlərinə yol açan Bütlər düzəltdilər.
Hose Northern 8:5  Ey Samariya, dana bütün rədd edildi! Mənim qəzəbim onlara qarşı alovlandı. Nə vaxta qədər onlar pak olmayacaq?
Hose Northern 8:6  Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.
Hose Northern 8:7  Onlar külək qaldırdı, Qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, Versə də, yadlar onu udacaq.
Hose Northern 8:8  İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.
Hose Northern 8:9  Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.
Hose Northern 8:10  Onlar millətlər arasında muzdla oynaş tutsalar da, Mən indi onları bir yerə toplayacağam. Onlar qüdrətli padşahın zülmündən Azalmağa başlayacaq.
Hose Northern 8:11  Efrayim günah təqdimi üçün Çoxlu qurbangah tiksə də, Bunlar onu günaha batıran qurbangahlar oldu.
Hose Northern 8:12  Mən onlar üçün çoxlu qanun yazdım, Onlarsa bunları yad bir şey hesab etdi.
Hose Northern 8:13  Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib Özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, Günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq.
Hose Northern 8:14  İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək.
Chapter 9
Hose Northern 9:1  Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin.
Hose Northern 9:2  Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq.
Hose Northern 9:3  Rəbbin torpağında yaşamayacaqlar, Efrayim Misirə qayıdacaq, Aşşurda murdar yemək yeyəcək.
Hose Northern 9:4  Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək.
Hose Northern 9:5  Təntənəli bayramda, Rəbbin bayram günündə nə edəcəksiniz?
Hose Northern 9:6  Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək.
Hose Northern 9:7  Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.
Hose Northern 9:8  Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir. Amma onun getdiyi hər yerdə tor qurdular, Allahın evində düşmənçilik var.
Hose Northern 9:9  Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.
Hose Northern 9:10  Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu.
Hose Northern 9:11  Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq.
Hose Northern 9:12  Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!
Hose Northern 9:13  Mən gördüm ki, Efrayim Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb. Amma Efrayim öz övladlarını Qatil qabağına çıxaracaq».
Hose Northern 9:14  Ya Rəbb, nə verəcəksən, ver onlara, Onlara uşaq salan bətn, südsüz döşlər ver!
Hose Northern 9:15  Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır.
Hose Northern 9:16  Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».
Hose Northern 9:17  Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər.
Chapter 10
Hose Northern 10:1  İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
Hose Northern 10:2  Onların ürəkləri yalanla doldu, Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, Müqəddəs daşlarını sındıracaq.
Hose Northern 10:3  Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, Bizə nə edəcəkdi?»
Hose Northern 10:4  Əhd bağlayanda boş vədlər verir, Yalandan and içirlər. Buna görə də məhkəmə işləri Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.
Hose Northern 10:5  Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq.
Hose Northern 10:6  Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.
Hose Northern 10:7  Samariya və onun padşahı Su üstündəki çubuq kimi Axıb-gedəcək.
Hose Northern 10:8  İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.
Hose Northern 10:9  «İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı?
Hose Northern 10:10  Mən istədiyim zaman Onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib, İkiqat cinayətlərindən ötrü Onları əsir edəcək.
Hose Northern 10:11  Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin.
Hose Northern 10:12  Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, Çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq.
Hose Northern 10:13  Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz.
Hose Northern 10:14  Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.
Hose Northern 10:15  Ey Bet-El, pisliyinin çoxluğu üzündən Səninlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq.
Chapter 11
Hose Northern 11:1  İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.
Hose Northern 11:2  Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.
Hose Northern 11:3  Efrayimə gəzməyi Mən öyrətdim, Onları qollarım üstünə aldım. Ancaq bilmədilər ki, Onlara Mən şəfa verdim.
Hose Northern 11:4  Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.
Hose Northern 11:5  Məgər Misirə qayıtmayacaqlar? Aşşur onlara padşah olmayacaq? Çünki onlar Mənə üz tutmaq istəmədilər.
Hose Northern 11:6  Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.
Hose Northern 11:7  Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
Hose Northern 11:8  Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.
Hose Northern 11:9  Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.
Hose Northern 11:10  Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək.
Hose Northern 11:11  Misirdən quşlar kimi, Aşşur ölkəsindən göyərçinlər kimi Titrəyərək gələcəklər. Onları evlərində sakin edəcəyəm» Rəbb belə bəyan edir.
Hose Northern 11:12  Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.
Chapter 12
Hose Northern 12:1  Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.
Hose Northern 12:2  Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək.
Hose Northern 12:3  O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi.
Hose Northern 12:4  Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.
Hose Northern 12:5  Ordular Allahı Rəbb Bizimlə orada danışdı. O, «Rəbb» deyə anılır.
Hose Northern 12:6  Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
Hose Northern 12:7  Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.
Hose Northern 12:8  Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
Hose Northern 12:9  «Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
Hose Northern 12:10  Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim».
Hose Northern 12:11  Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir.
Hose Northern 12:12  Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı.
Hose Northern 12:13  Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu.
Hose Northern 12:14  Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.
Chapter 13
Hose Northern 13:1  Efrayim danışanda hamı titrəyirdi. İsraildə ucalmışdı, Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
Hose Northern 13:2  İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər.
Hose Northern 13:3  Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.
Hose Northern 13:4  «Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur.
Hose Northern 13:5  Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
Hose Northern 13:6  Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular.
Hose Northern 13:7  Mən onlara bir aslan olacağam, Bəbir kimi yol kənarında Pusquda duracağam.
Hose Northern 13:8  Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq.
Hose Northern 13:9  Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır.
Hose Northern 13:10  İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin? Hakimlərin haradadır? Sən ki onlar barədə “Mənə bir padşah və başçılar ver” deyirdin.
Hose Northern 13:11  Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım.
Hose Northern 13:12  Efrayimin qəbahəti yığılıb, Günahı qeydə alınıb.
Hose Northern 13:13  Doğan qadının ağrıları ona çatır, Amma o, ağılsız oğuldur. Çünki vaxtı çatanda Bətndən çıxmağa ləngiyir.
Hose Northern 13:14  Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək.
Hose Northern 13:15  Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
Hose Northern 13:16  Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq».
Chapter 14
Hose Northern 14:1  Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin.
Hose Northern 14:2  Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan Şükürləri təqdim edirik.
Hose Northern 14:3  Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».
Hose Northern 14:4  «Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi.
Hose Northern 14:5  Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.
Hose Northern 14:6  Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq.
Hose Northern 14:7  Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq.
Hose Northern 14:8  Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.
Hose Northern 14:9  Kim müdrikdirsə, bu sözləri dərk etsin, Kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir».