Site uses cookies to provide basic functionality.

OK
ECCLESIASTES
Up
1 2 3 4 5 6 7 8 9 10 11 12
Chapter 1
Eccl Northern 1:1  Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
Eccl Northern 1:2  Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur!
Eccl Northern 1:3  İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?
Eccl Northern 1:4  Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır.
Eccl Northern 1:5  Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın.
Eccl Northern 1:6  Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.
Eccl Northern 1:7  Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar.
Eccl Northern 1:8  Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən.
Eccl Northern 1:9  Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
Eccl Northern 1:10  Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl.
Eccl Northern 1:11  Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq.
Eccl Northern 1:12  Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim.
Eccl Northern 1:13  Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
Eccl Northern 1:14  Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
Eccl Northern 1:15  Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz.
Eccl Northern 1:16  Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”.
Eccl Northern 1:17  Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
Eccl Northern 1:18  Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.
Chapter 2
Eccl Northern 2:1  Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur.
Eccl Northern 2:2  Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.
Eccl Northern 2:3  Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
Eccl Northern 2:4  Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım,
Eccl Northern 2:5  özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.
Eccl Northern 2:6  Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.
Eccl Northern 2:7  Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi.
Eccl Northern 2:8  Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
Eccl Northern 2:9  Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
Eccl Northern 2:10  Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
Eccl Northern 2:11  Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.
Eccl Northern 2:12  Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki?
Eccl Northern 2:13  Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür.
Eccl Northern 2:14  Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur.
Eccl Northern 2:15  Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”.
Eccl Northern 2:16  Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür!
Eccl Northern 2:17  Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
Eccl Northern 2:18  Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm.
Eccl Northern 2:19  Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur.
Eccl Northern 2:20  Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm.
Eccl Northern 2:21  Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.
Eccl Northern 2:22  İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?
Eccl Northern 2:23  Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
Eccl Northern 2:24  İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır.
Eccl Northern 2:26  Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Chapter 3
Eccl Northern 3:1  Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:
Eccl Northern 3:2  Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.
Eccl Northern 3:3  Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı. Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.
Eccl Northern 3:4  Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı. Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.
Eccl Northern 3:5  Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı. Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.
Eccl Northern 3:6  Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
Eccl Northern 3:7  Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
Eccl Northern 3:8  Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı.
Eccl Northern 3:9  İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?
Eccl Northern 3:10  Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
Eccl Northern 3:11  Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.
Eccl Northern 3:12  Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur.
Eccl Northern 3:13  Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.
Eccl Northern 3:14  Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.
Eccl Northern 3:15  İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır.
Eccl Northern 3:16  Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik.
Eccl Northern 3:17  Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”.
Eccl Northern 3:18  İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”.
Eccl Northern 3:19  Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.
Eccl Northern 3:20  Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.
Eccl Northern 3:21  Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?
Eccl Northern 3:22  Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?
Chapter 4
Eccl Northern 4:1  Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi.
Eccl Northern 4:2  Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım.
Eccl Northern 4:3  Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib.
Eccl Northern 4:4  Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Eccl Northern 4:5  Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür.
Eccl Northern 4:6  Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
Eccl Northern 4:7  Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:
Eccl Northern 4:8  Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.
Eccl Northern 4:9  İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
Eccl Northern 4:10  Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur!
Eccl Northern 4:11  Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər?
Eccl Northern 4:12  Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz.
Eccl Northern 4:13  Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır.
Eccl Northern 4:14  Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər.
Eccl Northern 4:15  Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir.
Eccl Northern 4:16  Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Chapter 5
Eccl Northern 5:1  Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır.
Eccl Northern 5:2  Dilin tələsməsin, Allahın hüzurunda söz deməyə Ürəyin tələsməsin. Çünki Allah göydədir, sən yerdə. Buna görə də az danış.
Eccl Northern 5:3  Necə ki iş çox olanda adam yuxu görər, Söz də çox olanda səfeh danışığa çevrilər.
Eccl Northern 5:4  Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir.
Eccl Northern 5:5  Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır.
Eccl Northern 5:6  Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin?
Eccl Northern 5:7  Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx.
Eccl Northern 5:8  Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.
Eccl Northern 5:9  Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.
Eccl Northern 5:10  Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur.
Eccl Northern 5:11  Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?
Eccl Northern 5:12  Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın.
Eccl Northern 5:13  Səma altında gördüyüm Başqa böyük dərd də var: Yığdığı sərvət sahibinə zərər gətirir,
Eccl Northern 5:14  Bu sərvəti bədbəxt hadisələr yox edir, Sərvət sahibinin oğlu doğulanda Ona verməyə bir şeyi qalmır.
Eccl Northern 5:15  Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən Heç nəyi əlinə götürüb Özü ilə apara bilmir.
Eccl Northern 5:16  Bu da böyük bir dərddir: İnsan dünyaya necə gəlirsə, Elə də gedir. Boş yerə çəkdiyi zəhmətin Ona nə faydası var?
Eccl Northern 5:17  Ömrü boyu öz çörəyini Qaranlıq, böyük sıxıntı, xəstəlik və Qəzəb içində yeyir.
Eccl Northern 5:18  İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur.
Eccl Northern 5:19  Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir.
Eccl Northern 5:20  Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür.
Chapter 6
Eccl Northern 6:1  Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:
Eccl Northern 6:2  adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir.
Eccl Northern 6:3  Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.
Eccl Northern 6:4  Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir.
Eccl Northern 6:5  Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.
Eccl Northern 6:6  Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?
Eccl Northern 6:7  İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir.
Eccl Northern 6:8  Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var?
Eccl Northern 6:9  Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Eccl Northern 6:10  Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz.
Eccl Northern 6:11  Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var?
Eccl Northern 6:12  Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?
Chapter 7
Eccl Northern 7:1  Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.
Eccl Northern 7:2  Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.
Eccl Northern 7:3  Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır.
Eccl Northern 7:4  Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində.
Eccl Northern 7:5  Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
Eccl Northern 7:6  Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur.
Eccl Northern 7:7  Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir.
Eccl Northern 7:8  Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
Eccl Northern 7:9  Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
Eccl Northern 7:10  “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
Eccl Northern 7:11  Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
Eccl Northern 7:12  Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
Eccl Northern 7:13  Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
Eccl Northern 7:14  Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
Eccl Northern 7:15  Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
Eccl Northern 7:16  Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
Eccl Northern 7:17  Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
Eccl Northern 7:18  Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
Eccl Northern 7:19  Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
Eccl Northern 7:20  Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
Eccl Northern 7:21  Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
Eccl Northern 7:22  Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
Eccl Northern 7:23  Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
Eccl Northern 7:24  Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
Eccl Northern 7:25  Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
Eccl Northern 7:26  Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
Eccl Northern 7:27  Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
Eccl Northern 7:28  Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
Eccl Northern 7:29  Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.
Chapter 8
Eccl Northern 8:1  Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər.
Eccl Northern 8:2  Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən.
Eccl Northern 8:3  Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.
Eccl Northern 8:4  Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər?
Eccl Northern 8:5  Onun hökmünü yerinə yetirən Heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi Bunun vaxtını da, qaydasını da bilir.
Eccl Northern 8:6  Axı hər şeyin həm öz vaxtı, Həm də öz qaydası var. Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.
Eccl Northern 8:7  Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq?
Eccl Northern 8:8  Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz.
Eccl Northern 8:9  Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur.
Eccl Northern 8:10  Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur.
Eccl Northern 8:11  Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.
Eccl Northern 8:12  Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm.
Eccl Northern 8:13  Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.
Eccl Northern 8:14  Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.
Eccl Northern 8:15  Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.
Eccl Northern 8:16  O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım.
Eccl Northern 8:17  Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.
Chapter 9
Eccl Northern 9:1  Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir.
Eccl Northern 9:2  Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur.
Eccl Northern 9:3  Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.
Eccl Northern 9:4  İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.
Eccl Northern 9:5  Çünki dirilər öləcəklərini bilir, Ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, Çünki onların xatirəsi də unudulub.
Eccl Northern 9:6  Ölülərin sevgisi, nifrəti, Paxıllığı artıq məhv olub. Səma altında görülən işlərdə Daha payları olmayacaq.
Eccl Northern 9:7  Get çörəyini şadlıqla ye, Şərabını şən ürəklə iç. Çünki artıq Allah Etdiyin işlərdən razıdır.
Eccl Northern 9:8  Qoy paltarın həmişə ağ olsun, Başından ətirli yağ əskik olmasın.
Eccl Northern 9:9  Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.
Eccl Northern 9:10  Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
Eccl Northern 9:11  Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.
Eccl Northern 9:12  Həmçinin insan öz vaxtını bilmir. Balıqlar amansız bir tora, Quşlar tələyə düşdüyü kimi İnsanlar da pis bir zəmanəyə düçar olur, Onda pis zəmanə qəfildən başlarının üstünü alır.
Eccl Northern 9:13  Səma altında mənə çox təsir edən bu hikməti də gördüm:
Eccl Northern 9:14  içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü.
Eccl Northern 9:15  Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.
Eccl Northern 9:16  O zaman mən dedim: “Hikmət qüdrətdən yaxşıdır, Lakin yoxsul adamın hikmətinə xor baxırlar, Onun sözləri eşidilmir”.
Eccl Northern 9:17  Hikmətli adamın pıçıltı ilə dediyi sözlər Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir.
Eccl Northern 9:18  Hikmət döyüş silahından üstündür, Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.
Chapter 10
Eccl Northern 10:1  Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər.
Eccl Northern 10:2  Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə.
Eccl Northern 10:3  O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər.
Eccl Northern 10:4  Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.
Eccl Northern 10:5  Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir.
Eccl Northern 10:6  Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur.
Eccl Northern 10:7  Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir.
Eccl Northern 10:8  Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
Eccl Northern 10:9  Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər.
Eccl Northern 10:10  Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
Eccl Northern 10:11  Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
Eccl Northern 10:12  Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
Eccl Northern 10:13  Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.
Eccl Northern 10:14  Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər?
Eccl Northern 10:15  Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir.
Eccl Northern 10:16  Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə!
Eccl Northern 10:17  Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə!
Eccl Northern 10:18  Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar.
Eccl Northern 10:19  Yemək şadlıq gətirər, Şərab həyatı keflə doldurar, Pul isə hər istəyini ödəyər.
Eccl Northern 10:20  Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar.
Chapter 11
Eccl Northern 11:1  Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan.
Eccl Northern 11:2  Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq.
Eccl Northern 11:3  Əgər buludlar su ilə dolu olsa, Yağışlarını yer üzünə səpər. Əgər bir ağac cənub ya şimal Səmtinə yıxılsa, Elə yıxıldığı yerdə də qalar.
Eccl Northern 11:4  Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz.
Eccl Northern 11:5  Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən.
Eccl Northern 11:6  Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə.
Eccl Northern 11:7  Həqiqətən, işıq gözəldir, Günəşi görmək gözlərə xoşdur.
Eccl Northern 11:8  Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur.
Eccl Northern 11:9  Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.
Eccl Northern 11:10  Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur.
Chapter 12
Eccl Northern 12:1  Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla.
Eccl Northern 12:2  Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla.
Eccl Northern 12:3  O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq.
Eccl Northern 12:4  Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər.
Eccl Northern 12:5  O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür.
Eccl Northern 12:6  Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış,
Eccl Northern 12:7  Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».
Eccl Northern 12:8  Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur».
Eccl Northern 12:9  Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi.
Eccl Northern 12:10  Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur.
Eccl Northern 12:11  Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.
Eccl Northern 12:12  Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur.
Eccl Northern 12:13  Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.
Eccl Northern 12:14  Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək.