Site uses cookies to provide basic functionality.

OK
PROVERBS
Up
Chapter 1
Prov Northern 1:1  İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
Prov Northern 1:2  Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün,
Prov Northern 1:3  Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün,
Prov Northern 1:4  Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün;
Prov Northern 1:5  Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
Prov Northern 1:6  Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
Prov Northern 1:7  Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
Prov Northern 1:8  Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
Prov Northern 1:9  Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
Prov Northern 1:11  Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
Prov Northern 1:12  Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər.
Prov Northern 1:13  Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
Prov Northern 1:16  Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
Prov Northern 1:17  Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
Prov Northern 1:18  Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
Prov Northern 1:19  Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
Prov Northern 1:20  Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
Prov Northern 1:21  O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
Prov Northern 1:22  «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
Prov Northern 1:23  Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
Prov Northern 1:24  Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
Prov Northern 1:25  Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.
Prov Northern 1:26  Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə,
Prov Northern 1:27  Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm.
Prov Northern 1:28  O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
Prov Northern 1:29  Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər,
Prov Northern 1:30  Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər.
Prov Northern 1:31  Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar.
Prov Northern 1:32  Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək.
Prov Northern 1:33  Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».
Chapter 2
Prov Northern 2:1  Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan,
Prov Northern 2:2  Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
Prov Northern 2:3  Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
Prov Northern 2:4  Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
Prov Northern 2:5  Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
Prov Northern 2:6  Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
Prov Northern 2:7  O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
Prov Northern 2:8  O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
Prov Northern 2:9  Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
Prov Northern 2:10  Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
Prov Northern 2:11  İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
Prov Northern 2:12  Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
Prov Northern 2:13  Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
Prov Northern 2:14  Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
Prov Northern 2:15  Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
Prov Northern 2:16  Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar.
Prov Northern 2:17  Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub.
Prov Northern 2:18  Onun evi ölümə, Yolları qəbiristanlığa aparar.
Prov Northern 2:19  Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz.
Prov Northern 2:20  Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan.
Prov Northern 2:21  Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq.
Prov Northern 2:22  Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.
Chapter 3
Prov Northern 3:1  Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.
Prov Northern 3:2  Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.
Prov Northern 3:3  Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
Prov Northern 3:4  Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
Prov Northern 3:5  Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
Prov Northern 3:6  Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
Prov Northern 3:7  Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
Prov Northern 3:8  Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar.
Prov Northern 3:9  Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
Prov Northern 3:10  Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
Prov Northern 3:11  Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.
Prov Northern 3:12  Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
Prov Northern 3:13  Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
Prov Northern 3:14  Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
Prov Northern 3:15  Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
Prov Northern 3:16  Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
Prov Northern 3:17  Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
Prov Northern 3:18  Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
Prov Northern 3:19  Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
Prov Northern 3:20  Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
Prov Northern 3:21  Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
Prov Northern 3:22  Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
Prov Northern 3:23  O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
Prov Northern 3:25  Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
Prov Northern 3:26  Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
Prov Northern 3:27  Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
Prov Northern 3:28  İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
Prov Northern 3:29  Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
Prov Northern 3:30  Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
Prov Northern 3:31  Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
Prov Northern 3:32  Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
Prov Northern 3:33  Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
Prov Northern 3:34  Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
Prov Northern 3:35  Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.
Chapter 4
Prov Northern 4:1  Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
Prov Northern 4:2  Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
Prov Northern 4:3  Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
Prov Northern 4:4  Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
Prov Northern 4:5  Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
Prov Northern 4:6  Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
Prov Northern 4:7  Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
Prov Northern 4:8  Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar.
Prov Northern 4:9  O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar».
Prov Northern 4:10  Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
Prov Northern 4:11  Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
Prov Northern 4:12  Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
Prov Northern 4:13  Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
Prov Northern 4:14  Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
Prov Northern 4:15  Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç.
Prov Northern 4:16  Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.
Prov Northern 4:17  Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
Prov Northern 4:18  Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
Prov Northern 4:19  Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
Prov Northern 4:20  Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
Prov Northern 4:21  Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
Prov Northern 4:22  Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
Prov Northern 4:23  Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
Prov Northern 4:24  Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır.
Prov Northern 4:25  Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal.
Prov Northern 4:27  Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.
Chapter 5
Prov Northern 5:1  Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir.
Prov Northern 5:2  Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz.
Prov Northern 5:3  Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır.
Prov Northern 5:4  Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir.
Prov Northern 5:5  Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır.
Prov Northern 5:6  Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir.
Prov Northern 5:7  İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın.
Prov Northern 5:8  Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə.
Prov Northern 5:9  Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən.
Prov Northern 5:10  Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər.
Prov Northern 5:11  Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən:
Prov Northern 5:12  «Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm!
Prov Northern 5:13  Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım.
Prov Northern 5:14  Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim».
Prov Northern 5:15  Öz su anbarından, Öz quyunun içməli suyundan iç.
Prov Northern 5:16  Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin?
Prov Northern 5:18  Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!
Prov Northern 5:19  Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol.
Prov Northern 5:20  Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan?
Prov Northern 5:21  İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
Prov Northern 5:22  Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.
Prov Northern 5:23  Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar.
Chapter 6
Prov Northern 6:1  Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub,
Prov Northern 6:2  Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə,
Prov Northern 6:3  Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar.
Prov Northern 6:4  Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın.
Prov Northern 6:5  Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar.
Prov Northern 6:6  Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür.
Prov Northern 6:7  Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları.
Prov Northern 6:8  Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar.
Prov Northern 6:9  Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?
Prov Northern 6:10  Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
Prov Northern 6:11  Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər.
Prov Northern 6:12  Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
Prov Northern 6:13  Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
Prov Northern 6:14  Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
Prov Northern 6:15  Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
Prov Northern 6:16  Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
Prov Northern 6:17  Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;
Prov Northern 6:18  Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;
Prov Northern 6:19  Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.
Prov Northern 6:20  Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma.
Prov Northern 6:21  Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
Prov Northern 6:22  Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.
Prov Northern 6:23  Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
Prov Northern 6:24  Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
Prov Northern 6:25  Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
Prov Northern 6:26  Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
Prov Northern 6:27  Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
Prov Northern 6:29  Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər.
Prov Northern 6:30  Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz.
Prov Northern 6:31  Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.
Prov Northern 6:32  Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər.
Prov Northern 6:33  Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən silinməz.
Prov Northern 6:34  Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar.
Prov Northern 6:35  Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz.
Chapter 7
Prov Northern 7:1  Oğlum, sözlərimə bağlı qal, Əmrlərimi özündə saxla.
Prov Northern 7:2  Əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Təlimimi göz bəbəyin kimi qoru.
Prov Northern 7:3  Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür.
Prov Northern 7:4  Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan».
Prov Northern 7:5  Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar.
Prov Northern 7:6  Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım.
Prov Northern 7:7  Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm.
Prov Northern 7:8  Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi.
Prov Northern 7:9  Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda.
Prov Northern 7:10  Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı.
Prov Northern 7:11  O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
Prov Northern 7:12  Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
Prov Northern 7:13  O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
Prov Northern 7:14  «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
Prov Northern 7:15  Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
Prov Northern 7:16  Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.
Prov Northern 7:17  Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm.
Prov Northern 7:18  Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
Prov Northern 7:20  Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
Prov Northern 7:21  Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.
Prov Northern 7:22  Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü.
Prov Northern 7:23  Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi.
Prov Northern 7:24  İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın.
Prov Northern 7:25  Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə.
Prov Northern 7:26  Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb.
Prov Northern 7:27  Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır.
Chapter 8
Prov Northern 8:1  Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi
Prov Northern 8:2  Uca yerlərdə, yol kənarında, Yollar ayrıcında dayanıb?
Prov Northern 8:3  Darvazaların yanında, şəhərin qarşısında, Qapıların kandarında çağırır:
Prov Northern 8:4  «Ey insanlar, mən sizi səsləyirəm, Ey bəşər övladları, sizə xitab edirəm.
Prov Northern 8:5  Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın.
Prov Northern 8:6  Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır.
Prov Northern 8:7  Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir.
Prov Northern 8:8  Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
Prov Northern 8:9  Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
Prov Northern 8:10  Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.
Prov Northern 8:11  Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
Prov Northern 8:12  Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
Prov Northern 8:13  Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
Prov Northern 8:14  Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
Prov Northern 8:15  Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
Prov Northern 8:16  Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
Prov Northern 8:17  Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
Prov Northern 8:18  Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.
Prov Northern 8:19  Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
Prov Northern 8:20  Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
Prov Northern 8:21  Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram.
Prov Northern 8:22  Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.
Prov Northern 8:23  Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
Prov Northern 8:24  Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
Prov Northern 8:25  Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
Prov Northern 8:26  Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
Prov Northern 8:27  Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
Prov Northern 8:28  Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
Prov Northern 8:29  Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə
Prov Northern 8:30  Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
Prov Northern 8:31  Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim.
Prov Northern 8:32  İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır!
Prov Northern 8:33  Verdiyim tərbiyəyə qulaq asın, Hikmət alın, onu bir tərəfə atmayın.
Prov Northern 8:34  Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!
Prov Northern 8:35  Çünki məni tapan həyat tapar, Rəbbi razı salar.
Prov Northern 8:36  Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər».
Chapter 9
Prov Northern 9:2  Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib.
Prov Northern 9:3  Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər:
Prov Northern 9:4  «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:
Prov Northern 9:5  «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
Prov Northern 9:6  Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
Prov Northern 9:7  Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
Prov Northern 9:8  Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
Prov Northern 9:9  Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
Prov Northern 9:10  Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
Prov Northern 9:11  Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.
Prov Northern 9:12  Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
Prov Northern 9:13  Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır.
Prov Northern 9:14  O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib,
Prov Northern 9:15  Yoldan ötənləri, Düz yolda olanları çağırır:
Prov Northern 9:16  «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir:
Prov Northern 9:17  «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var».
Prov Northern 9:18  Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.
Chapter 10
Prov Northern 10:1  Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər.
Prov Northern 10:2  Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar.
Prov Northern 10:3  Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
Prov Northern 10:4  Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
Prov Northern 10:5  Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
Prov Northern 10:6  Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
Prov Northern 10:7  Salehlərin həyatına baxmaq xeyir-dua gətirər, Şər adamın adı batar.
Prov Northern 10:8  Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
Prov Northern 10:9  Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
Prov Northern 10:10  Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
Prov Northern 10:11  Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
Prov Northern 10:12  Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
Prov Northern 10:13  Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
Prov Northern 10:14  Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.
Prov Northern 10:15  Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar.
Prov Northern 10:16  Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır.
Prov Northern 10:17  Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
Prov Northern 10:18  Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.
Prov Northern 10:19  Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
Prov Northern 10:20  Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
Prov Northern 10:21  Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
Prov Northern 10:22  Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
Prov Northern 10:23  Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
Prov Northern 10:24  Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
Prov Northern 10:25  Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
Prov Northern 10:26  Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
Prov Northern 10:27  Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
Prov Northern 10:28  Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
Prov Northern 10:29  Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
Prov Northern 10:30  Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz.
Prov Northern 10:31  Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər.
Prov Northern 10:32  Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar.
Chapter 11
Prov Northern 11:1  Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar.
Prov Northern 11:2  Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr.
Prov Northern 11:3  Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar.
Prov Northern 11:4  Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
Prov Northern 11:5  Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
Prov Northern 11:6  Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
Prov Northern 11:7  Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
Prov Northern 11:8  Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
Prov Northern 11:9  Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
Prov Northern 11:10  Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
Prov Northern 11:11  Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.
Prov Northern 11:12  Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.
Prov Northern 11:13  Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar.
Prov Northern 11:14  Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar.
Prov Northern 11:15  Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.
Prov Northern 11:16  Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
Prov Northern 11:17  İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
Prov Northern 11:18  Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
Prov Northern 11:19  Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
Prov Northern 11:20  Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
Prov Northern 11:21  Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
Prov Northern 11:22  Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
Prov Northern 11:23  Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
Prov Northern 11:24  Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
Prov Northern 11:25  Comərd bolluğa yetişər, Su verənə su verilər.
Prov Northern 11:26  Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
Prov Northern 11:27  Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.
Prov Northern 11:28  Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər.
Prov Northern 11:29  Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar.
Prov Northern 11:30  Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
Prov Northern 11:31  Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər!
Chapter 12
Prov Northern 12:1  Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur.
Prov Northern 12:2  Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər.
Prov Northern 12:3  İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz.
Prov Northern 12:4  Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar.
Prov Northern 12:5  Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir.
Prov Northern 12:6  Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar.
Prov Northern 12:7  Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz.
Prov Northern 12:8  İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar.
Prov Northern 12:9  Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
Prov Northern 12:10  Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var.
Prov Northern 12:11  Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
Prov Northern 12:12  Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
Prov Northern 12:13  Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.
Prov Northern 12:14  İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
Prov Northern 12:15  Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər.
Prov Northern 12:16  Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.
Prov Northern 12:17  Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
Prov Northern 12:18  Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
Prov Northern 12:19  Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
Prov Northern 12:20  Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
Prov Northern 12:21  Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.
Prov Northern 12:22  Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
Prov Northern 12:23  Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar.
Prov Northern 12:24  Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər.
Prov Northern 12:25  Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər.
Prov Northern 12:26  Saleh insan qonşusuna da yol göstərər, Lakin şər insanın yolu dolaşıqdır.
Prov Northern 12:27  Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar.
Prov Northern 12:28  Salehliyin yollarında həyat var, Kim bu yolla getsə, orada ölüm tapmaz.
Chapter 13
Prov Northern 13:1  Hikmətli oğul ata tərbiyəsinə qulaq asar, Rişxəndçi iradı qulaq ardına vurar.
Prov Northern 13:2  İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər.
Prov Northern 13:3  Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar.
Prov Northern 13:4  Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
Prov Northern 13:5  Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
Prov Northern 13:6  Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
Prov Northern 13:7  Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
Prov Northern 13:8  Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
Prov Northern 13:9  Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
Prov Northern 13:10  Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
Prov Northern 13:11  Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
Prov Northern 13:12  Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
Prov Northern 13:13  Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
Prov Northern 13:14  Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
Prov Northern 13:15  Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
Prov Northern 13:16  Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
Prov Northern 13:17  Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
Prov Northern 13:18  Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
Prov Northern 13:19  Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
Prov Northern 13:20  Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
Prov Northern 13:21  Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
Prov Northern 13:22  Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.
Prov Northern 13:23  Yoxsulların əkini bol bəhrə versə də, Ədalət olmayan yerdə bada gedər.
Prov Northern 13:24  Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, Oğlunu sevən ona düzgün tərbiyə verər.
Chapter 14
Prov Northern 14:1  Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar.
Prov Northern 14:2  Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.
Prov Northern 14:3  Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar.
Prov Northern 14:4  Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar.
Prov Northern 14:5  Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.
Prov Northern 14:6  Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
Prov Northern 14:7  Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
Prov Northern 14:8  Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
Prov Northern 14:9  Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
Prov Northern 14:10  Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
Prov Northern 14:11  Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
Prov Northern 14:12  Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
Prov Northern 14:13  Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
Prov Northern 14:14  Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
Prov Northern 14:15  Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
Prov Northern 14:16  Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
Prov Northern 14:17  Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
Prov Northern 14:18  Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.
Prov Northern 14:19  Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.
Prov Northern 14:20  Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər.
Prov Northern 14:21  Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
Prov Northern 14:22  Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
Prov Northern 14:23  Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.
Prov Northern 14:24  Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar.
Prov Northern 14:25  Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar.
Prov Northern 14:26  Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
Prov Northern 14:27  Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
Prov Northern 14:28  Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
Prov Northern 14:29  Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
Prov Northern 14:30  Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
Prov Northern 14:31  Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
Prov Northern 14:32  Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
Prov Northern 14:33  Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
Prov Northern 14:34  Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.
Prov Northern 14:35  Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.
Chapter 15
Prov Northern 15:1  Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar.
Prov Northern 15:2  Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər.
Prov Northern 15:3  Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar.
Prov Northern 15:4  Şəfa gətirən dil həyat ağacıdır, Əyri dil ürək qırar.
Prov Northern 15:5  Səfeh ata tərbiyəsini ələ salar, Məzəmməti qəbul edən uzaqgörən olar.
Prov Northern 15:6  Salehin evində böyük xəzinə yaşar, Şər insanın isə gəlirində əzab var.
Prov Northern 15:7  Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir.
Prov Northern 15:8  Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır.
Prov Northern 15:9  Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər.
Prov Northern 15:10  Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr.
Prov Northern 15:11  Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır.
Prov Northern 15:12  Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz.
Prov Northern 15:13  Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar.
Prov Northern 15:14  Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar.
Prov Northern 15:15  Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
Prov Northern 15:16  Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.
Prov Northern 15:17  Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.
Prov Northern 15:18  Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.
Prov Northern 15:19  Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.
Prov Northern 15:20  Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar.
Prov Northern 15:21  Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər.
Prov Northern 15:22  Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
Prov Northern 15:23  İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!
Prov Northern 15:24  Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər.
Prov Northern 15:25  Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar.
Prov Northern 15:26  Pislərin məqsədləri Rəbdə ikrah yaradar, Ona xoş gələnlərin sözlərini təmiz sayar.
Prov Northern 15:27  Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar.
Prov Northern 15:28  Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər.
Prov Northern 15:29  Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar.
Prov Northern 15:30  Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər.
Prov Northern 15:31  Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar.
Prov Northern 15:32  Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar.
Prov Northern 15:33  Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.
Chapter 16
Prov Northern 16:1  Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir.
Prov Northern 16:2  İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar.
Prov Northern 16:3  Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
Prov Northern 16:4  Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb.
Prov Northern 16:5  Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
Prov Northern 16:6  Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.
Prov Northern 16:7  Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.
Prov Northern 16:8  Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
Prov Northern 16:9  İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
Prov Northern 16:10  Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.
Prov Northern 16:11  Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər.
Prov Northern 16:12  Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar.
Prov Northern 16:13  Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər.
Prov Northern 16:14  Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.
Prov Northern 16:15  Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar.
Prov Northern 16:16  Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.
Prov Northern 16:17  Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
Prov Northern 16:18  Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
Prov Northern 16:19  Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
Prov Northern 16:20  Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
Prov Northern 16:21  Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
Prov Northern 16:22  Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
Prov Northern 16:23  Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
Prov Northern 16:24  Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.
Prov Northern 16:25  Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
Prov Northern 16:26  Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.
Prov Northern 16:27  Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar.
Prov Northern 16:28  Hiyləgər adam dava yaradar, Qeybətçi əziz dostları ayırar.
Prov Northern 16:29  Zorakı qonşularını aldadar, Onları yaxşı olmayan yola aparar.
Prov Northern 16:30  Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar.
Prov Northern 16:31  Ağaran saçlar şərəf tacıdır, Salehlik yolunun qazancıdır.
Prov Northern 16:32  İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.
Prov Northern 16:33  Ətəyin üstünə püşk atılar, Amma hökm Rəbdən gələr.
Chapter 17
Prov Northern 17:1  Quru bir loğması olan dinc ev Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.
Prov Northern 17:2  Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar.
Prov Northern 17:3  Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar.
Prov Northern 17:4  Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
Prov Northern 17:5  Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
Prov Northern 17:6  Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
Prov Northern 17:7  Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
Prov Northern 17:8  Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
Prov Northern 17:9  Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
Prov Northern 17:10  Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
Prov Northern 17:11  Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər.
Prov Northern 17:12  Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
Prov Northern 17:13  Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz.
Prov Northern 17:14  Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et.
Prov Northern 17:15  Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır.
Prov Northern 17:16  Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz.
Prov Northern 17:17  Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular.
Prov Northern 17:18  Qanmaz başqası ilə əlbir olar, O, qonşusuna zamin durar.
Prov Northern 17:19  İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər.
Prov Northern 17:20  Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar.
Prov Northern 17:21  Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər.
Prov Northern 17:22  Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar.
Prov Northern 17:23  Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.
Prov Northern 17:24  Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar.
Prov Northern 17:25  Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar.
Prov Northern 17:26  Saleh insanı cərimə etmək yaxşı deyil, Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.
Prov Northern 17:27  Çoxbilən az danışar, Müdrik həlimlik ruhunda olar.
Prov Northern 17:28  Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, Ağzını yumsa, dərrakəli görünər.
Chapter 18
Prov Northern 18:1  Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir.
Prov Northern 18:2  Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir.
Prov Northern 18:3  Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr.
Prov Northern 18:4  Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar.
Prov Northern 18:5  Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.
Prov Northern 18:6  Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.
Prov Northern 18:7  Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
Prov Northern 18:8  Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
Prov Northern 18:10  Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
Prov Northern 18:11  Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir.
Prov Northern 18:12  Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr.
Prov Northern 18:13  Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır.
Prov Northern 18:14  Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
Prov Northern 18:15  Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar.
Prov Northern 18:16  İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.
Prov Northern 18:17  İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər.
Prov Northern 18:18  Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar.
Prov Northern 18:19  İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir, Belə davalar qapısı cəftəli qala kimidir.
Prov Northern 18:20  İnsanın qarnı ağzının bəhəri ilə, Dilinin səmərəsi ilə doyar.
Prov Northern 18:21  Ölüm və həyat dilin əlindədir, Onu sevənlər barından yeyir.
Prov Northern 18:22  Arvad alan uğur qazanar, Rəbbin razılığını alar.
Prov Northern 18:23  Yoxsul rəhm istəyər, Zəngin isə sərt cavab verər.
Prov Northern 18:24  Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost da var.
Chapter 19
Prov Northern 19:1  Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır.
Prov Northern 19:2  Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər.
Prov Northern 19:3  İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
Prov Northern 19:4  Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
Prov Northern 19:5  Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
Prov Northern 19:6  Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
Prov Northern 19:7  Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
Prov Northern 19:8  Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
Prov Northern 19:9  Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
Prov Northern 19:10  Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
Prov Northern 19:11  İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
Prov Northern 19:12  Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
Prov Northern 19:13  Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
Prov Northern 19:14  İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
Prov Northern 19:15  Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
Prov Northern 19:16  Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
Prov Northern 19:17  Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
Prov Northern 19:18  Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
Prov Northern 19:19  Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
Prov Northern 19:20  Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
Prov Northern 19:21  İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
Prov Northern 19:22  İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
Prov Northern 19:23  Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
Prov Northern 19:24  Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
Prov Northern 19:25  Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
Prov Northern 19:26  Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
Prov Northern 19:27  Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
Prov Northern 19:28  Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.
Prov Northern 19:29  Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.
Chapter 20
Prov Northern 20:1  Şərab insanları ələ salar, Kefləndirici içki onları dalaşdırar, Sərxoş olan müdrik olmaz.
Prov Northern 20:2  Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
Prov Northern 20:3  Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
Prov Northern 20:4  Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
Prov Northern 20:5  Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
Prov Northern 20:6  İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
Prov Northern 20:7  Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
Prov Northern 20:8  Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.
Prov Northern 20:9  Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
Prov Northern 20:10  Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
Prov Northern 20:11  Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
Prov Northern 20:12  Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
Prov Northern 20:13  Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan.
Prov Northern 20:14  Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər.
Prov Northern 20:15  Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
Prov Northern 20:16  Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla.
Prov Northern 20:17  Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar.
Prov Northern 20:18  Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.
Prov Northern 20:19  Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan.
Prov Northern 20:20  Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər.
Prov Northern 20:21  Tələsik alınan mülk Axırda xeyir gətirməz.
Prov Northern 20:22  Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
Prov Northern 20:23  Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
Prov Northern 20:24  Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
Prov Northern 20:25  Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar.
Prov Northern 20:26  Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər.
Prov Northern 20:27  İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar.
Prov Northern 20:28  Padşahı məhəbbət və sədaqət qoruyar, Taxtını xeyirxahlıq möhkəm saxlar.
Prov Northern 20:29  Gəncləri qüvvəti şərəfləndirər, Ağ saçlar qocalara zinət verər.
Prov Northern 20:30  Yaralayıcı zərbələr pis insanı düzəldə bilər, Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər.
Chapter 21
Prov Northern 21:1  Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər.
Prov Northern 21:2  İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar.
Prov Northern 21:3  Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
Prov Northern 21:4  Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır.
Prov Northern 21:5  Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
Prov Northern 21:6  Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
Prov Northern 21:7  Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
Prov Northern 21:8  Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
Prov Northern 21:9  Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
Prov Northern 21:10  Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
Prov Northern 21:11  Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
Prov Northern 21:12  Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
Prov Northern 21:13  Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
Prov Northern 21:14  Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
Prov Northern 21:15  Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
Prov Northern 21:16  Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
Prov Northern 21:17  Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
Prov Northern 21:18  Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
Prov Northern 21:19  Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
Prov Northern 21:20  Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
Prov Northern 21:21  Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
Prov Northern 21:22  Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
Prov Northern 21:23  Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
Prov Northern 21:24  Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
Prov Northern 21:25  Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
Prov Northern 21:26  Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar.
Prov Northern 21:27  Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir.
Prov Northern 21:28  Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar.
Prov Northern 21:29  Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər.
Prov Northern 21:30  Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.
Prov Northern 21:31  Atlar döyüş günü üçün hazırlanar, Amma zəfəri Rəbb qazandırar.
Chapter 22
Prov Northern 22:1  Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
Prov Northern 22:2  Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir.
Prov Northern 22:3  Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
Prov Northern 22:4  İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.
Prov Northern 22:5  Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar.
Prov Northern 22:6  Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
Prov Northern 22:7  Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
Prov Northern 22:8  Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
Prov Northern 22:9  Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
Prov Northern 22:10  Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
Prov Northern 22:11  Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
Prov Northern 22:12  Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar.
Prov Northern 22:13  Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
Prov Northern 22:14  Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
Prov Northern 22:15  Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
Prov Northern 22:16  Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
Prov Northern 22:17  Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
Prov Northern 22:18  Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
Prov Northern 22:19  Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
Prov Northern 22:20  Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
Prov Northern 22:21  Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
Prov Northern 22:22  Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
Prov Northern 22:23  Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
Prov Northern 22:24  Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.
Prov Northern 22:25  Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.
Prov Northern 22:26  Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin.
Prov Northern 22:27  Ödəməyə pulun olmasa, Altından yatağını apararlar.
Prov Northern 22:28  Ata-babalarından qalan Qədim sərhəd daşının yerini dəyişmə.
Prov Northern 22:29  İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.
Chapter 23
Prov Northern 23:1  Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax.
Prov Northern 23:3  Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar.
Prov Northern 23:4  Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç.
Prov Northern 23:5  Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
Prov Northern 23:6  Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
Prov Northern 23:7  O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
Prov Northern 23:8  Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
Prov Northern 23:9  Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
Prov Northern 23:10  Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
Prov Northern 23:11  Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
Prov Northern 23:12  Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
Prov Northern 23:13  Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
Prov Northern 23:14  Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
Prov Northern 23:15  Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
Prov Northern 23:16  Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
Prov Northern 23:17  Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
Prov Northern 23:18  Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
Prov Northern 23:19  Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
Prov Northern 23:20  Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
Prov Northern 23:21  Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
Prov Northern 23:23  Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
Prov Northern 23:24  Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
Prov Northern 23:25  Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
Prov Northern 23:26  Oğlum, mənə fikir ver, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
Prov Northern 23:27  Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
Prov Northern 23:28  Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
Prov Northern 23:29  Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
Prov Northern 23:30  Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
Prov Northern 23:31  Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
Prov Northern 23:32  Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər.
Prov Northern 23:33  Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr.
Prov Northern 23:34  Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan.
Prov Northern 23:35  Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?»
Chapter 24
Prov Northern 24:1  Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə.
Prov Northern 24:2  Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar.
Prov Northern 24:3  Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər.
Prov Northern 24:4  Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar.
Prov Northern 24:5  Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar.
Prov Northern 24:6  Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.
Prov Northern 24:7  Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır.
Prov Northern 24:9  Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar.
Prov Northern 24:10  Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
Prov Northern 24:11  Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.
Prov Northern 24:12  Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı?
Prov Northern 24:13  Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar.
Prov Northern 24:14  Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz.
Prov Northern 24:15  Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma.
Prov Northern 24:16  Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
Prov Northern 24:17  Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
Prov Northern 24:18  Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
Prov Northern 24:19  Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
Prov Northern 24:20  Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
Prov Northern 24:21  Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
Prov Northern 24:22  Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
Prov Northern 24:23  Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
Prov Northern 24:24  Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
Prov Northern 24:25  Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.
Prov Northern 24:26  İnsana doğru cavab verən Sanki onun üzündən öpər.
Prov Northern 24:27  Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.
Prov Northern 24:28  Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.
Prov Northern 24:29  Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm».
Prov Northern 24:30  Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim.
Prov Northern 24:31  Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub.
Prov Northern 24:32  Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm:
Prov Northern 24:33  Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
Prov Northern 24:34  Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər.
Chapter 25
Prov Northern 25:1  Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.
Prov Northern 25:2  Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.
Prov Northern 25:3  Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
Prov Northern 25:4  Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar.
Prov Northern 25:5  Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər.
Prov Northern 25:6  Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.
Prov Northern 25:7  Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.
Prov Northern 25:8  Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?
Prov Northern 25:9  Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma.
Prov Northern 25:10  Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
Prov Northern 25:11  Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
Prov Northern 25:12  Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
Prov Northern 25:13  Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
Prov Northern 25:14  Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
Prov Northern 25:15  Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
Prov Northern 25:16  Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
Prov Northern 25:17  Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.
Prov Northern 25:18  Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir.
Prov Northern 25:19  Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
Prov Northern 25:20  Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir.
Prov Northern 25:21  Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.
Prov Northern 25:22  Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan.
Prov Northern 25:23  Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
Prov Northern 25:24  Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
Prov Northern 25:25  Susuzluqdan yanana sərin su necədirsə, Uzaq diyardan gələn xoş xəbər də elədir.
Prov Northern 25:26  Əgər saleh insan pis adama təslim olarsa, Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.
Prov Northern 25:27  Qədərindən çox bal yemək xeyirli olmadığı kimi Tərifə uymaq da yaxşı deyil.
Prov Northern 25:28  Nəfsini saxlaya bilməyən Dağılmış, hasarsız şəhərə bənzəyir.
Chapter 26
Prov Northern 26:1  Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi Axmağa da şərəf yaraşmaz.
Prov Northern 26:2  Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur.
Prov Northern 26:3  Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır.
Prov Northern 26:4  Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən.
Prov Northern 26:5  Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin.
Prov Northern 26:6  Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
Prov Northern 26:7  Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir.
Prov Northern 26:8  Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir.
Prov Northern 26:9  Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.
Prov Northern 26:10  Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir.
Prov Northern 26:11  Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.
Prov Northern 26:12  Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var.
Prov Northern 26:13  Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır».
Prov Northern 26:14  Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır.
Prov Northern 26:15  Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər.
Prov Northern 26:16  Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
Prov Northern 26:17  Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.
Prov Northern 26:19  Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
Prov Northern 26:20  Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər.
Prov Northern 26:21  Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar.
Prov Northern 26:22  Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
Prov Northern 26:23  Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
Prov Northern 26:24  Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.
Prov Northern 26:25  Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.
Prov Northern 26:26  Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.
Prov Northern 26:27  Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr.
Prov Northern 26:28  Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.
Chapter 27
Prov Northern 27:1  Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən.
Prov Northern 27:2  Qoy səni özün yox, başqaları tərifləsin, Sənə tərifi öz dilin yox, yad söyləsin.
Prov Northern 27:3  Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.
Prov Northern 27:4  Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar?
Prov Northern 27:6  Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər.
Prov Northern 27:7  Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr.
Prov Northern 27:8  Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür.
Prov Northern 27:9  Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi Dostun nəsihəti də insana xoş gələr.
Prov Northern 27:10  Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
Prov Northern 27:11  Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, Onda məni utandırana cavab verə bilərəm.
Prov Northern 27:12  Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
Prov Northern 27:13  Özgəyə zamin duranın libasını al, Onu qərib qadın üçün girov saxla.
Prov Northern 27:14  Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar.
Prov Northern 27:16  Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz.
Prov Northern 27:17  Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər.
Prov Northern 27:18  Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.
Prov Northern 27:19  Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər.
Prov Northern 27:20  Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
Prov Northern 27:21  İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
Prov Northern 27:22  Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
Prov Northern 27:24  Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
Prov Northern 27:25  Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə
Prov Northern 27:26  Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən.
Prov Northern 27:27  Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.
Chapter 28
Prov Northern 28:1  Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar.
Prov Northern 28:2  Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.
Prov Northern 28:3  Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.
Prov Northern 28:4  Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.
Prov Northern 28:5  Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.
Prov Northern 28:6  Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.
Prov Northern 28:7  Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
Prov Northern 28:8  Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
Prov Northern 28:9  Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
Prov Northern 28:10  Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
Prov Northern 28:11  Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
Prov Northern 28:12  Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
Prov Northern 28:13  Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
Prov Northern 28:14  Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
Prov Northern 28:15  Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
Prov Northern 28:16  Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
Prov Northern 28:17  Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
Prov Northern 28:18  Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
Prov Northern 28:19  Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
Prov Northern 28:20  Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
Prov Northern 28:21  Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.
Prov Northern 28:22  Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
Prov Northern 28:23  Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
Prov Northern 28:24  Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
Prov Northern 28:25  Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
Prov Northern 28:26  Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.
Prov Northern 28:27  Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır.
Prov Northern 28:28  Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar.
Chapter 29
Prov Northern 29:1  Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.
Prov Northern 29:2  Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.
Prov Northern 29:3  Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.
Prov Northern 29:4  Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.
Prov Northern 29:5  Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
Prov Northern 29:6  Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
Prov Northern 29:7  Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
Prov Northern 29:8  Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
Prov Northern 29:9  Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
Prov Northern 29:10  Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
Prov Northern 29:11  Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
Prov Northern 29:12  Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
Prov Northern 29:13  Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
Prov Northern 29:14  Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
Prov Northern 29:15  Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
Prov Northern 29:16  Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
Prov Northern 29:17  Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
Prov Northern 29:18  İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
Prov Northern 29:19  Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
Prov Northern 29:20  Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
Prov Northern 29:21  Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
Prov Northern 29:22  Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.
Prov Northern 29:23  İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.
Prov Northern 29:24  Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz.
Prov Northern 29:25  İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar.
Prov Northern 29:26  Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar.
Prov Northern 29:27  Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər.
Chapter 30
Prov Northern 30:1  Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi:
Prov Northern 30:2  Həqiqətən, mən hamıdan ağılsızam, İnsan idrakına malik deyiləm.
Prov Northern 30:3  Nə hikmət öyrənmişəm, Nə də Müqəddəsin biliyindən xəbərim var.
Prov Northern 30:4  Kim göylərə qalxıb endi? Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı? Adı nədir? Oğlunun adı nədir? Bilirsənmi?
Prov Northern 30:5  Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur.
Prov Northern 30:6  Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar.
Prov Northern 30:7  Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə:
Prov Northern 30:8  Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver.
Prov Northern 30:9  Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.
Prov Northern 30:10  Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.
Prov Northern 30:11  Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir.
Prov Northern 30:12  Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib.
Prov Northern 30:13  Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.
Prov Northern 30:14  Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər.
Prov Northern 30:15  Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz:
Prov Northern 30:16  Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov.
Prov Northern 30:17  Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək.
Prov Northern 30:18  Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var:
Prov Northern 30:19  Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu.
Prov Northern 30:20  Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər.
Prov Northern 30:21  Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir:
Prov Northern 30:22  Qulun padşah olması, Sarsağın doyunca çörək tapması,
Prov Northern 30:23  Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi.
Prov Northern 30:24  Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur:
Prov Northern 30:25  Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir;
Prov Northern 30:26  Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir;
Prov Northern 30:27  Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir;
Prov Northern 30:28  Kərtənkələni əllə tutmaq olur, Amma o, padşah saraylarına çıxır.
Prov Northern 30:29  Üç məxluq var ki, yerişi gözəldir, Dörd məxluq var ki, gedişi gözəldir:
Prov Northern 30:30  Heyvanların ən güclüsü, Heç nəyin qarşısından geri dönməyən şir,
Prov Northern 30:31  Döyüşkən xoruz, təkə, Qoşun qabağına çıxan padşah.
Prov Northern 30:32  Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə, Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut.
Prov Northern 30:33  Çünki südü çalxalayanda yağ çıxdığı kimi, Burnu sıxanda qan çıxdığı kimi Qəzəbi qızışdıranda da dava yaranar.
Chapter 31
Prov Northern 31:1  Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.
Prov Northern 31:2  Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul?
Prov Northern 31:3  Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə.
Prov Northern 31:4  Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
Prov Northern 31:5  İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.
Prov Northern 31:6  Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin.
Prov Northern 31:7  Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın.
Prov Northern 31:8  Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru.
Prov Northern 31:9  Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
Prov Northern 31:10  Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir.
Prov Northern 31:11  Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır.
Prov Northern 31:12  Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
Prov Northern 31:13  Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir.
Prov Northern 31:14  Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir.
Prov Northern 31:15  Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.
Prov Northern 31:16  Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır.
Prov Northern 31:17  Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
Prov Northern 31:18  Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.
Prov Northern 31:20  Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur.
Prov Northern 31:21  Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
Prov Northern 31:22  Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
Prov Northern 31:23  Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
Prov Northern 31:24  Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
Prov Northern 31:25  Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
Prov Northern 31:26  Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
Prov Northern 31:27  Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
Prov Northern 31:28  Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:
Prov Northern 31:29  «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur».
Prov Northern 31:30  Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.
Prov Northern 31:31  Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.